Rusiya hərbi bazası qarşısında etiraz aksiyası keçirərək “strateji müttəfiq”ə əl uzatmağa çalışan soydaşlarınızı quldur dəstəsi, türkpərəst qüvvə adlandırmaq üçün manqurt olmalısınız. Ötən gün Gümrüdə “Milli Demokratik Qütb” qeyri-parlament blokunun təşəbbüsü ilə 102-ci hərbi baza yaxınlığında keçirilən aksiya rusiyayönlü müxalifət və cəmiyyətimizin bir hissəsi arasında loyal əhval-ruhiyyənin artmasına səbəb olub. Belə ki, yüzlərlə vətəndaş sülhməramlılara etirazını bildirməyə çalışıb. Rusiya bazasını mühasirəyə almağı planlaşdıran aksiya iştirakçıları Ermənistanın KTMT-dən çıxmalı olduğunu bildirib”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Təbii ki, bu aksiya Ermənistanı Rusiyanın əbədi peyki kimi görən qüvvələri qəzəbləndirməyə bilməzdi. Şarmazanovun dili ilə dünənki aksiya iştirakçılarına hücum edən Sarkisyanın partiyası səsvermədə birinci olub. Onun sözlərinə görə, Rusiyanın 102-ci hərbi bazasına qarşı istənilən təxribat Türkiyə-Azərbaycan maraqlarına uyğundur. Eyni zamanda o, aksiyanın təşkilatçılarını, siyasi hərəkatı, “Milli Demokratik Qütb”ü “anti-Rusiya yox, Türkiyəyönlü adlandırıb. Şarmazanov əlavə edib ki, bu cür hərəkətlər yolverilməzdir və Ermənistanın təhlükəsizlik maraqlarına qarşı yönəlib. Onun fikrincə, Ermənistan hakimiyyəti bu cür hərəkətləri təqdir edir. Şarmazanov Ermənistanın baş nazirinə müraciət edərək, “Nikol, niyə susursan? Siz türkpərəstsiniz, bu qədər” ifadələrini işlədib. Əbədi müxalifətçi və hüquq müdafiəçisi Avetik İşxanyan da kənarda qalmayıb və etirazçıları “quldur dəstəsi” adlandırıb: “Siyasi elmdə əsas biliyi olan hər kəs başa düşür ki, Rusiya sülhməramlıları və Gümrüdə yerləşən hərbi baza tamamilə fərqli funksiyaları yerinə yetirir. Birincisi, “Artsax”ın təhlükəsizliyini təmin edir və tərəflər arasında neytrallığı qorumağa borcludur, ikincisi, Ermənistanın müttəfiqinin hərbi bazası olaraq, Ermənistanın təhlükəsizliyini təmin edir. Aksiya təşkilatçıları bunu başa düşürlər. Belə olan halda sual yaranır: bu “qəhrəmanlıq” aksiyasının məqsədi nədir? Yalnız bir məqsəd var: ilk addım olaraq Rusiya sülhməramlılarını münaqişə zonasından çıxarmaq və erməniləri “Artsax”dan qovmaq… İkinci addım Rusiya hərbi bazasını Gümrüdən çıxarmaq və Ermənistanı Türkiyənin yatağına çevirməkdir”, – İşxanyan yazıb. Tam aydındır ki, Gümrüdə dünənki etiraz aksiyasını gözdən salmaq kampaniyası bir mərkəzdən – Ermənistanın Rusiyanın təsir zonasından çıxmasından qorxan Kremldən koordinasiya olunur” – Arşakyan vurğulayıb.
Daha sonra erməni analitik fikirlərini belə davam etdirib: “Həmin İşxanyan, bir vaxtlar diktator Robert Koçaryana heyran olduğunu deyirdi. 44 günlük müharibədə məğlubiyyətimizdən dərhal sonra bu hüquq müdafiəçisi xalqı küçələrə çıxmağa və Paşinyanı devirməyə çağırırdı. Şarmazanov isə Kremlin adamıdır, şimaldan sifariş verilən kimi hürəcək. Gülməlisi odur ki, dünənki aksiyanın İrəvanın icazəsi olmadan keçirilməsinin mümkünsüzlüyü haqda fikirlər səsləndirilib. Bu absurddur, məhz Koçaryan və Sarkisyanın dövründə etiraz aksiyaları yalnız hakimiyyətin razılığı ilə keçirilə bilərdi, indi belə deyil. Dünənki aksiyaya gəlincə, məncə, lazım idi. Son illər Moskva özünü çox açıq-aşkar erməni dövlətinə qarşı düşmən kimi aparır. İnsanlarımız isə sadəcə olaraq, özlərinə qarşı belə münasibətlə qətiyyən razılaşmadıqlarını nümayiş etdirməli idilər. Yəqin ki, sabah ölkənin hər yerindən on minlərlə erməni Gümrüyə toplaşıb rus işğalçılarını Ermənistandan qovacaq”, – deyə Arşakyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
