“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlməsini rus qoşunlarının Azərbaycana yenidən qayıtması kimi izah edilməsi çox deletant yanaşmadır. Azərbaycan istənilən halda həmin 1960 sülhməramlının Dağlıq Qarabağdakı missiyasına qadağa qoya bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və sülhməramlıların orada olub-olmaması barədə qərar vermək ölkəmizin müstəsna səlahiyyətidir:

“Türkiyə və Rusiya müdafiə nazirləri səviyyəsində yeni protokol imzalanıb. Hər iki dövlət Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətinə birgə nəzarət edəcəklər. Hətta ruslarla eyni sayda – 1960 türk əsgərinin də Azərbaycana gətiriləcəyi bildirilir. Əsas budur ki, Azərbaycana gələn rus əsgər və zabitləri sülhməramlı qüvvə kimi gəliblər. Onlar işğalçı mahiyyət və məqsəd daşımadan Azərbaycan torpağındadırlar. Azərbaycandakı bəzi siyasi partiya və təşkilatlar buna əmin olmalıdırlar. Deletantlıq burada yaramır. Xalqın hisləri ilə oynamağa, onu çaşdırmağa ehtiyac yoxdur”.
