“Vəziyyət gərginləşib. Gecə saatlarında Rusiyanın Polşaya atdığı raket zərbələri nəticəsində mülki insanlar arasında ölən və yaralananlar var. Ukrayna dərhal bütün NATO ölkələrini Rusiyaya qarşı hərəkətə keçməyə çağırsa da, ABŞ rəsmiləri nala-mıxa vurdular ki, onlarda bunun Rusiya raketləri olmasına dair sübutlar yoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Əli Məhərrəmli Facebook hesabında maraqlı mövqe bildirib.
“Bildiyiniz kimi NATO nizamnaməsinin məşhur 5-ci maddəsinə görə, Alyansın bir üzvünə edilən hücuma kollektiv və adekvat cavab verilməlidir. Yəni ortada güc tətbiqi varsa NATO eyni ilə Rusiyaya zərbə endirməlidir.
Əslində nə baş verir? Yəni belə götürsək Polşa dolayısı ilə müharibədə iştirak edir, tanklarını-toplarını verir Ukraynaya. Rusiya ilə birbaşa sərhədi olmadığına görə quruda ruslarla müharibə üçün ancaq Ukrayna ərazisi istifadə oluna bilər ki, o da artıq poliqona dönüb. Qısacası polyaklar ruslarla döyüşəsi deyil.
İki gün öncə Konqres Ukraynaya daha 37 mlrd. dollarlıq hərbi yardım ayırmaqla bağlı qanun layihəsini müzakirəyə çıxarıb. Bu dəfə ABŞ çox güman ki, Ukraynaya orta mənzilli raketləri verməyi düşünür, ancaq bununla bağlı Strateji Hücum Silahlarının məhdudlaşdırılmasına dair öhdəlikləri var. Yəni o silahlar 3-cü dövlətlərə verilə bilməz. Sadəcə NATO (ABŞ) öz üzvlərinin təhlükəsizliyini əsas gətirərək Ukraynaya daha uzaq dərinlikdə yerləşən hərbi infrastrukturu vuracaq silahlar verməyə zəmin hazırlayır. Ukrayna isə müharibə başlayandan itirdiyi ərazilərin 52%-ni geri qaytarıb, rusları sərhədə doğru sıxışdırıb. Artıq müharibəni Rusiyanın içərilərinə sıçratmaq mərhələsidir.
Bu vəziyyətdən kim qazanır? Təbii ki, Sem dayı. ABŞ sanksiyalardan istifadə edərək Rusiya aktivlərinə kobud desək yiyələnir, Avropa ölkələrini borclandırır, onları təhrik edir ki, öz köhnə silahlarını Ukraynaya verib əvəzində yeni Hollivudski USA silahları alsınlar, rus qazına alternativ özünün sıxılmış maye qazından asılılığı artırır, idxal-ixrac əməliyyatlarında avronu dəyərsizləşdirir və s. ABŞ-ın qazanc yerlərini saymaqla bitməz. Bununla həmçinin ABŞ Avropaya göz dağı verir ki, son 30-40 ildə dünyada “əmin-amanlıq” görüb çox da özünüzə güvənməyin, NATO olmasa Rusiya ciyərinizi dağıdardı. Elə buna görə də İsveç və Finlandiya kimi ölkələr tələsik qaçıb girdilər NATO-nun qoltuğunun altına”.
KONKRET.az
