Ötən həftənin hadisələri haqqında yüngül düşüncələrbackend

Ötən həftənin hadisələri haqqında yüngül düşüncələr

Atalı ol!

Allah qarabağlıların dualarını eşitdi: “Bayer Levenkuzen” Avropa kubokunun finalına çıxdı. Deməli, biz əfələ uduzmamışıq!

Allah qarabağlıların qarğışını da eşitdi: xətrimizə dəymək olmaz!

Almanlar 50 məğlubiyyətsiz oyundan sonra italiyalılara uduzdular. Avropa kubokuna “Atalanta” sahib çıxdı.

Ata(lanta)lı olmaq budur!!

Vuçiç inciyir

Yugoslaviya dağılarkən, serblər çox qan tökdülər. Onlar da ruslar kimi barışa bilmirdilər ki, şoqəriblik imperiyası əldən gedir.

O zaman Bosniyada bir məkanda səkkiz min nəfərdən çox dinc insan qətlə yetirildi.

Beynəlxalq Haaqa Tribunalı, BMT Beynəlxalq Məhkəməsi bunu soyqırım kimi qiymətləndirdi.

Bu, serblərin xətrinə dəyir. Serbiya prezidenti Vuçiç bəyan edir ki, serblər “mnoqostradalnı” xalqdır. Lap erməni təbliğatı yada düşür…

O da unudulmayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Serbiya Ermənistana silah göndərirdi. Doğrudur, sonra elə həmin Vuçiç çox yaltaqlandı, üzrxahlıq etdi…

Gözləyək, dostlarımızı qaz qurtaranda sayarıq!

Baş və Bədən

Statistikaya və ona verilən məmur şərhinə görə, adambaşına düşən gəlir yaşayış üçün məqbuldur.

Beləliklə, Baş kefdədir. Bəs Bədən necə dolansın?!?

Unudulmazlar

Xatırlayaq ki, 7 oktyabr faciəsindən sonra İsrailə gedən ABŞ dövlət katibi Entoni Blinken demişdi: “Buraya bir yəhudi kimi gəlmişəm”. Halbuki, ölkəsinin qanunlarına görə, o, rəsmi surətdə amerikalı hesab olunur.

Onu da xatırladım ki, Ukraynanın daxili işlər naziri Avakovdan özünü hansı millətə mənsub etdiyi soruşulanda, sırtıq cavab vermişdi: “Mən erməniyəm”.

Bunu da unutmaq olmur ki, sovet dövründə bəzi maymaq naqislər qürurla deyirdilər:

– Mən ilk növbədə kommunistəm.

İlk növbədə adam olmaq lazımdır! Bu zaman terror qurbanlarına yəhudi olmadan da ürək yanar!

Şokun yekəsi

Şimali Osetiyada doğulmuş Azərbaycan cüdoçusu Zelim Kotsoyev idmanda böyük uğurlar qazanıb.

2023-cü ildə Avropa çempionu olub. 2022 və 2023-cü illərin dünya çempionatlarının bürünc mükafatçısıdır; 2018, 2020 və 2021-ci illərdə Avropa çempionatlarında bürünc medallara layiq görülüb; 2017-ci ildə Dünya Yay Universiadasında qalib gəlib; 2022-ci ildə Azərbaycan çempionu olub. Bu həftə isə Kotsoyev dünya çempionatında ən yüksək pilləyə yüksəldi.

Mükafat alan igid belə söylədi:

– Mən bir az şokdayam. Yox, böyük şokdayam.

İllər uzunu məşq edib, yarışıb, diqqətəlayiq uğurlar qazanıb. İndi yenə finala çıxıb, qalıb gəlib və böyük şokdadır.

Görəsən mən cüdo üzrə dünya çempionatından qalib çıxsam şokum nə yekəlikdə olar. Axı cüdo ilə heç vaxt məşğul olmamışam…

Varmı?

“Karnaval gecəsi” komediyasında sərxoş mühazirəçi hey deyirdi: “Marsda həyat varmı? Marsda həyat yoxmu?”.

O zaman və uzun müddət bu məsələ bəşəriyyəti bərk düşündürüb.

Hazırda Yer kürəsinin bir çox yerində güclü su qıtlığı duyulur. Bəşəriyyət isə fikirdədir: “Görəsən, Marsda su varmı?”.

Məni başqa məsələ narahat edir: “Bəşəriyyətdə şüur varmı?”. Özüm də bilirəm ki, sual ritorikdir…

Yeni gün

“Qətl mərasimidir. Cəllad baltanı məzlumun başı üzərində tutub. Məhkum bu an başinı qaldırıb xəbər alır:

– Həftənin hansı günüdür?

Cəllad:

– Bazar ertəsi.

– Sən bir işə bax! Gör həftəyə necə başlayıram…”.

Bu lətifəni internetdə oxudum, xoşuma gəldi.

Bu gün bazar ertəsidir. Nikbin olun! Deyildiyinə görə, ölümdən sonra da həyat var. Olmasaydı, gedənlər qayıdardılar…

A.ƏZİZ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*