Övladlığa götürülən uşaqlardan xəbər yoxdur – Qazaxıstandabackend

Övladlığa götürülən uşaqlardan xəbər yoxdur - Qazaxıstanda

Əcnəbilər tərəfindən övladlığa götürülərək xaricə aparılan 200-dən çox uşaq barədə Qazaxıstan hakimiyyətinin heç bir məlumatı yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə senator Darxan Kıdırəli bildirib.

Millət vəkilinin sözlərinə görə, övladlığa götürülmüş uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması problemi dəfələrlə qaldırılıb. Hətta prokurorluq tərəfindən bir neçə dəfə vəziyyəti düzəltmək cəhdləri edilsə də, bunun faydası olmayıb.

“2014-cü ildə ölkənin Baş Prokurorluğu xaricə köçürülən uşaqların taleyi ilə bağlı narahatlığını bildirib. Sonra xüsusi araşdırma aparılıb və kimsəsiz uşaqlar və onları övladlığa götürmək istəyən vətəndaşlar üçün vahid informasiya sisteminin yaradılması təklif olunub. Lakin bu araşdırmanın nəticələri və qərarların qəbulu prosesinin gedişi barədə məlumatımız yoxdur. Cənubi Afrika, Keniya, Filippin, Meksika, Malta, Argentina kimi ölkələrdə övladlığa götürülən 120 uşaq nəzarətə götürülürmü? Vahid informasiya sistemi yaradılıbmı?”, – deyə senator soruşur.

O xatırladıb ki, xarici vətəndaşlar tərəfindən övladlığa götürülən uşaqların hüquqlarını qorumaq məqsədilə Qazaxıstan 2010-cu ildə “Uşaqların müdafiəsi və övladlığa götürmə ilə bağlı əməkdaşlıq haqqında Konvensiya”nı ratifikasiya edib.

“Uşaqların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli orqan olan Təhsil Nazirliyinin məlumatına görə, Konvensiya imzalanandan indiyədək xarici vətəndaşlar 158 qazaxıstanlı uşağı övladlığa götürüblər. Onlardan 2013-2019-cu illərdə 157 uşaq xaricə gedib, son 4 ildə isə 1 uşaq övladlığa götürülüb”, – deyə deputat davam edib.

Onun sözlərinə görə, Konvensiya imzalanana qədər 1999-2011-ci illər ərzində əcnəbilər 8805 uşağı övladlığa götürüblər. Onlardan 5217 nəfəri yetkinlik yaşına çatdığı üçün hazırda qeydiyyatdan çıxarılıb.

“3588 azyaşlı haqqında məlumat toplanıb. Təəssüf ki, məlumat verməyən, məlumat göndərməyənlər çoxdur. Məsələn, Cənubi Afrikaya gedən 30 uşaq haqqında məlumat yoxdur. Eynilə ABŞ-də 104, Belçikada 113 və s. uşağın taleyi ilə bağlı heç bir məlumat yoxdur. Ən pisi də odur ki, 1999-cu ilə qədər əcnəbilər tərəfindən övladlığa götürülən qazaxıstanlı yetimlər haqqında bizdə heç bir məlumat yoxdur”, – senator hiddətləndi.

O, 1999-cu ilə qədər əcnəbilər tərəfindən övladlığa götürülmüş kimsəsiz uşaqlarla bağlı araşdırma aparılmasını, belə uşaqların bioloji valideynlərinin tapılmasına yardım edilməsini, arzu edərlərsə, Qazaxıstan vətəndaşlığının alınmasına köməklik göstərilməsini təklif edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*