Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİbackend

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır.

Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, bitki yağlarının rəngi, ilk növbədə, istifadə olunan xammaldan və istehsal texnologiyasından asılıdır.

Qida təhlükəsizliyində nəzarət necə gücləndirilməlidir? | KONKRET

Ekspertin sözlərinə görə, müxtəlif bitkilərdən əldə edilən yağların rəngində təbii fərqlər mövcuddur. Məsələn, qarğıdalı yağı günəbaxan yağı ilə müqayisədə daha tünd rəngdə ola bilər. Bununla yanaşı, istehsal zamanı tətbiq edilən rafinasiya və ağartma prosesləri də yağın görünüşünə təsir göstərir.

“İstehsal zamanı tətbiq edilən rafinasiya və ağartma kimi proseslər yağın tərkibindəki rəngverici piqmentlərin, qoxu və dad komponentlərinin, eləcə də bəzi digər maddələrin bir hissəsinin uzaqlaşdırılmasına səbəb olur. Nəticədə yağ daha şəffaf və açıq rəngli görünə bilər. Lakin yalnız rənginə əsaslanaraq məhsulun təbii və ya keyfiyyətli olması barədə qəti fikir söyləmək düzgün deyil”, – deyə ekspert vurğulayıb.

İ.Şirinov qeyd edib ki, eyni bitki növündən alınan yağların rəngi belə xammalın xüsusiyyətlərindən və istehsal texnologiyasından asılı olaraq fərqlənə bilər. Bu səbəbdən çox açıq rəngli yağın mütləq keyfiyyətsiz və ya saxta olduğunu düşünmək yanlışdır. Eyni zamanda, yağın şəffaf görünməsi də onun yüksək keyfiyyətli olmasına zəmanət vermir.

Ekspertin sözlərinə görə, intensiv emal zamanı E vitamini və fitosterollar kimi bəzi faydalı komponentlərin miqdarı azala bilər. Yüksək temperatur şəraitində isə müəyyən arzuolunmaz çirkləndiricilərin yaranması riski mövcuddur. Buna görə də istehsal prosesində temperatur rejiminə, tətbiq olunan texnologiyaya və laboratoriya nəzarətinə xüsusi diqqət yetirilməlidir.

İ.Şirinov bildirib ki, bitki yağlarının keyfiyyətini qiymətləndirərkən yalnız rəng və görünüş deyil, bir sıra digər göstəricilər də nəzərə alınmalıdır. Bunlara turşuluq səviyyəsi, peroksid ədədi, yağ turşularının tərkibi, oksidləşmə vəziyyəti və məhsulun təhlükəsizlik göstəriciləri daxildir.

Ekspert istehlakçılara yağ alarkən etiket məlumatlarını diqqətlə oxumağı da tövsiyə edib. Onun sözlərinə görə, məhsulun tərkibi, istehsalçısı, mənşəyi, saxlanma şəraiti və yararlılıq müddəti barədə məlumatlar seçim zamanı mühüm əhəmiyyət daşıyır.

“İstehlakçı aldığı yağın tərkibi və istifadə olunan qatqılar barədə məlumatlarla tanış olmalıdır. İstehsal prosesi və məhsulla bağlı tələb olunan məlumatların gizlədilməsi istehlakçının aldadılması kimi qiymətləndirilə bilər”, – deyə ekspert əlavə edib.

Beləliklə, bitki yağının çox açıq və ya ağımtıl-sarı rəngdə olması özlüyündə onun keyfiyyətsiz, saxta və ya təbii olmadığını göstərmir. Məhsulun keyfiyyətini müəyyənləşdirmək üçün xammalın mənşəyi, emal texnologiyası, laboratoriya nəticələri və təhlükəsizlik göstəriciləri birlikdə qiymətləndirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*