“Paşinyan xalqa baş nazir ola bilmədi, amma peşəkar statuskar oldu”.
KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan yazıb. O bildirib ki, Paşinyan vəzifə borcundan başqa hər şeylə məşğul olur.
“Hamı kimi statuslar yazdığı üçün xalq Nikol Paşinyanı “bağışlamağa” başlayıb. Bütün status yazanlar kimi elə olur ki, o da statusu silir və ya dəyişir, ötən gün nə yazdığını xatırlamayaraq tamam əksini yazır.
O, milyonlarla status yazanlardan biridir. Xalq onu baş nazir edə bilmədi, amma “peşəkar statuskar” oldu. Bayram və Qələbə günlərində Facebook-da erməni səviyyəsində təbrik edir. Lakin adi vətəndaş kimi dövlət bayramını təşkil etmək üçün heç nə etmir. Yalnız status yazır.
Düşmən Ermənistan ərazisinə daxil olur, o, susur. Bir neçə gündən sonra status yazır: “Belə olmaz, beynəlxalq tərəfdaşlarla əlaqə saxlayacağıq ki, gəlib-gəlmədiklərini öyrənək”. Düşmən Teğ (Dığ) kəndinə girir, “ruslar danışıq aparır, görüm giriblərmi” deyir.
Praqada Qarabağın Azərbaycanın bir hissəsi olmasına razılıq verir və Ermənistana gəlib status yazır: “Azərbaycan “Arsax”da “soyqırım” edir”.
Bir gün yazır: “Beynəlxalq təşkilatlar, gəlin Qarabağı idarə edin”. O biri gün Putinə tərəf baxıb yazır: “Yalnız Qarabağı Rusiya idarə edə bilər”.
Sonra Qərbdən baxacaqlarından qorxub deyəcək: “Qardaş, gəlin ikiniz də hökmranlıq edin”.
Onun vəzifələrə qoyduğu böyük bir statuskar qrupu var. İş o yerə çatıb ki, arvadı Anna Akopyan da statuslar paylaşır.
Və bütün bunlar “120 min” erməninin “girov” olduğu, Qarabağın 75 faizinin təslim olduğu bir ölkədə edilir. Ermənistanda düşmən şərtləri diktə edir. Xalq Paşinyanı Ermənistanın lideri hesab etmir”, – deyə Babacanyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
