Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyi ilə bağlı son dövrlərin ən mühüm bəyanatlarından birini verib. Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Baş nazir birbaşa bildirib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü olmağın imkansızlığını anlayır.
KONKRET.az xəbər verir ki, bu, Avropa İttifaqına real üzvlük halında ölkənin gələcəkdə mütləq seçim etməli olacağının ilk bu qədər dəqiq etirafıdır. Bununla belə, Paşinyan vurğulayıb ki, 2025-ci ildə Ermənistanda qəbul edilən Avropa İttifaqına daxilolma prosesinin başlanması haqqında qanun strateji hədəf olaraq qalır.
Lakin bu, Ermənistanın artıq üzvlük ərəfəsində olması demək deyil. Baş nazirin sözlərinə görə, buna hələ çox var: əvvəlcə Avropa İttifaqına rəsmi müraciət olunmalı, namizəd ölkə statusu alınmalı, uzun sürən danışıqlar aparılmalı və yalnız bundan sonra məsələ ümumxalq referendumuna çıxarıla bilər.
Məhz bu səbəbdən Paşinyan hesab edir ki, hazırda referendumun keçirilməsi mənasızdır. O bildirib ki, seçimlərdən biri hüquqi baxımdan hələ mövcud olmadığı halda vətəndaşlardan iki variant arasında seçim etməyi tələb etmək olmaz.
Eyni zamanda, Baş nazir Aİİ tərəfdaşlarına Ermənistanın digər dövlətlərlə münasibətləri inkişaf etdirmək və yeni ticarət-iqtisadi imkanlar axtarmaq hüququnu tanıdıqlarına görə təşəkkür edib. O həmçinin bəyan edib ki, Avrasiya İqtisadi İttifaqı məhdudiyyətlər məkanına çevrilməməlidir. Əksinə, müxtəlif tərəfdaşlarla əməkdaşlıq imkanı Aİİ-ni daha rəqabətqabiliyyətli və cəlbedici edir.
Bu çıxışda en vacib məqam odur ki, Paşinyan Ermənistanın Aİİ-dən çıxmasından danışmır və Avropa İttifaqına tezliklə üzv olunacağını elan etmir. O, uzunmüddətli strategiyadan bəhs edir: Ermənistan Aİİ-də üzvlüyünü saxlayır, lakin eyni zamanda ehtimal olunan Avropaya inteqrasiyaya hazırlaşmaqda davam edir. Bu o deməkdir ki, İrəvan xarici siyasətin hər iki istiqamətini mümkün qədər uzun müddət saxlamağa çalışır.
Bununla belə, Paşinyan özü də etiraf edib ki, Avropa İttifaqına üzvlük məsələsi nə vaxtsa praktiki müstəviyə keçərsə, eyni zamanda Aİİ üzvü kimi qalmaq artıq mümkün olmayacaq.
