Paytaxtda 37 milyon manatlıq torpaq – Onun alıcısı kimdir?backend

Paytaxtda 37 milyon manatlıq torpaq – Onun alıcısı kimdir?

Bakı və ətraf ərazilərdə daşınmaz əmlak bazarında son dövrlər qiyməti milyonlarla manatla ölçülən iri sahəli torpaq sahələrinin elanları diqqət çəkir. Bu cür ərazilərin qiymətləri 10 milyon manatdan başlayaraq 37,7 milyon manatadək yüksəlir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, irisahəli torpaqların yüksək qiymətə təklif olunmasının əsas səbəbi onların böyük kommersiya və tikinti potensialına malik olmasıdır. Şəhər mərkəzinə və metro stansiyalarına yaxın ərazilərdə, məsələn “Dərnəgül”, “Nəsimi” və “Bakmil” ətrafında yerləşən torpaqlar çoxmərtəbəli yaşayış komplekslərinin inşası üçün ideal hesab olunur. Şəhərkənarı zonalarda, məsələn Lökbatan, Ceyranbatan və Hökməli ərazisindəki yüzlərlə sotluq sahələr isə iri zavod, anbar və loqistika mərkəzlərinin tikintisi üçün nəzərdə tutulduğundan, ümumi sahə böyüdükcə yekun məbləğ də milyonlara çatır.

Bu miqyasda olan torpaq sahələri fərdi şəxslər üçün nəzərdə tutulmadığına görə onların alıcı kontingentini əsasən böyük tikinti şirkətləri, sənaye holdinqləri və iri investisiya fondları təşkil edir. Şəhərdaxili əraziləri alan tikinti giqantları burada çoxmənzilli yaşayış binaları ucaltdığı halda, sənaye və loqistika holdinqləri şəhər ətrafında iri anbar kompleksləri və istehsalat sahələri qururlar.

Bazardakı cari elanlardan görünür ki, “Bakmil” metrosu yaxınlığındakı 290 sot torpaq 37,7 milyon manata, “Dərnəgül” metrosu ətrafındakı 350 sot sahə isə 35 milyon manata təklif olunur. Digər tərəfdən, Lökbatanda yerləşən 2000 sotluq sahə 28 milyon manat, Binəqədidəki 1100 sot sahə 24,2 milyon manat, Novxanıdakı 1200 sot torpaq isə 24 milyon manat qiymətlə alıcı gözləyir.

Bunlarla yanaşı, Nəsimi və Ceyranbatan ərazilərindəki fərqli sahəli torpaqlar 22 milyon manat, Şıxovdakı 1200 sot sahə 19 milyon manat, Hövsan və Qaradağdakı sahələr isə 16 milyon manat dəyərində qiymətləndirilir. Siyahının nisbətən aşağı büdcəli elanları arasında isə Badamdarda 55 sot torpaq 13 milyon manat, 20 Yanvar və Hökməli ərazilərindəki torpaqlar isə 10 milyon manat qiymətlə satışa çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*