Potyomkinin sevimlisi: Dillər əzbəri olan gözəlin qalmaqallı həyatıbackend

Potyomkinin sevimlisi: Dillər əzbəri olan gözəlin qalmaqallı həyatı

XVIII əsrdə qadın dedikdə, adətən, itaətkar, mülayim və təvazökar bir xanım obrazı təsəvvür edirik. O, ailə ocağının qoruyucusu, həyat yoldaşına sadiq, uşaqlarının qayğısına qalan və ev işləri ilə məşğul olan bir qadın idi. Lakin həmin dövrdə də bu qəliblərə sığmayan, öz həyat tərzi və davranışları ilə cəmiyyətin diqqətini çəkən qadınlar az deyildi.

Bugünkü qəhrəmanımız Yekaterina Vasilyevna Engelqardt da onlardan biri idi. O, dövrünün sərt əxlaq qaydalarına uyğun yaşamağa çalışmırdı. Ehtiraslı həyatı, gözəlliyi və qalmaqallı münasibətləri ilə bütün Sankt-Peterburqun müzakirə mövzusuna çevrilmişdi. Onu görən kişilərin ürəyi həyəcandan döyünürdü. Bəs Yekaterina əslində kim idi və Rusiya imperiyasının ən qüdrətli simalarından biri olan knyaz Qriqori Potyomkinin qəlbini necə fəth etmişdi?

Kənd zadəganının qızı imperatriçanın sarayında

Yekaterina Engelqardt 1761-ci ildə Smolensk quberniyasının kasıb zadəgan ailəsində dünyaya gəlib. Atası torpaq sahibi Vasili Andreyeviç Engelqardt, anası isə Yelena Aleksandrovna idi. Onun həyatındakı ən böyük üstünlük isə ana tərəfdən qohumluğu ilə bağlı idi. Belə ki, Yelena Aleksandrovna imperatriça II Yekaterinanın sevimlisi, Tavriya knyazı Qriqori Aleksandroviç Potyomkinin doğma bacısı idi.

Yekaterinanın uşaqlığı əyalətdə, çoxuşaqlı ailənin əhatəsində keçib. Ailədə beş qız və iki oğlan böyüyürdü. Anasının erkən vəfatından sonra qızların tərbiyəsi və gələcək taleyi ilə qüdrətli dayıları Potyomkin məşğul olmağa başlayıb.

1776-cı ildə, cəmi 15 yaşı olan Yekaterina bacıları ilə birlikdə Sankt-Peterburqa gətirilib. Onlar imperatriça II Yekaterinanın sarayına dəvət olunaraq fəxri saray xanımları – freylinalar sırasına daxil ediliblər.

Gənc Yekaterina sistemli və dərin təhsil almayıb. O, kitab və elmi məşğuliyyətlərdənsə, dəbdəbəli geyimlərə, rahatlığa və şirin yuxuya üstünlük verirdi. Müasirləri zarafatla xatırlayırdılar ki, hətta yaşa dolduqdan sonra da Yekaterina kitab oxumağa maraq göstərməyib. Yatmazdan əvvəl çarpayısının yanında xüsusi olaraq xidmət göstərən təhkimli qadın dayanır, xanım yuxuya gedənədək ona nağıllar danışırdı.

Bununla belə, savad və dünyagörüşü baxımından çatışmayan cəhətləri qeyri-adi gözəlliyi, məlahətli görünüşü və mülayim xasiyyəti ilə kompensasiya edirdi.

Potyomkinin qəlbini fəth edən gözəl

Potyomkin gənc bacılarını öz evində yerləşdirmişdi. Həmin vaxt təxminən 40 yaşında olan qüdrətli knyaz onların gözəlliyinə biganə qala bilmədi. Bacılar arasında ən gözəli isə məhz Yekaterina hesab olunurdu. Sarışın saçları, zərif üz cizgiləri və mənalı baxışları ilə o, ətrafındakıların diqqətini dərhal cəlb edirdi.

Potyomkin ona ehtirasla bağlandı. Onların münasibəti Yekaterinanın paytaxta gəlişindən qısa müddət sonra başladı və knyazın digər bacılarla yaşadığı münasibətlərdən daha uzun sürdü.

Xatirə müəlliflərinin yazdıqlarına görə, Yekaterina sakit və bir qədər süst temperamentə malik idi. O, ehtiraslı dayısının istəyinə daha çox özünün mülayim təbiətinə görə, onu incitməmək naminə qarşılıq verirdi.

Sankt-Peterburqun yüksək cəmiyyətində isə bu münasibət ciddi narazılıq və qısqanclıq doğurmuşdu. Knyazın öz bacısı qızına göstərdiyi xüsusi diqqət heç kimə sirr deyildi.

Fransız diplomatı, şevalye de Korberon bu münasibətləri istehzalı şəkildə belə şərh edirdi: “Knyaz Potyomkinin bacısı qızlarına göstərdiyi himayə Rusiyada əxlaqın hansı vəziyyətdə olduğunu sizə aydın təsəvvür etdirəcək”.

Şair knyaz İvan Dolqorukov isə daha açıq danışırdı: “Bacılarının hamısından gözəli o idi və dayısı ona vurulmuşdu. Potyomkinin dilində vurulmaq bədən həzzindən zövq almaq demək idi”.

1779-cu ildə Yekaterina hamilə qaldıqda Potyomkin qalmaqalın yayılmasının qarşısını almaq üçün onu böyük bacısının müşayiəti ilə təcili olaraq xaricə göndərdi.

Siyasi hesabla qurulan nikah

Potyomkin bacısı qızının cəmiyyətdəki mövqeyini möhkəmləndirmək və yaranmış vəziyyətə uyğun çıxış yolu tapmaq üçün 1781-ci ilin noyabrında onu imperiyanın ən varlı bəylərindən biri ilə evləndirdi. Bu şəxs qraf Pavel Martınoviç Skavronski idi.

Skavronski musiqiyə həddindən artıq bağlılığı ilə tanınırdı. O, özü opera əsərləri bəstələyir, hətta xidmətçilərindən onunla yalnız musiqili danışıq formasında – reçitativlə ünsiyyət qurmağı tələb edirdi.

Qraf həyat yoldaşına pərəstiş edir, onu bahalı hədiyyələrə qərq edirdi. Lakin bu sevgi güclü qısqanclıqla müşayiət olunurdu. Əslində, onun şübhələri əsassız deyildi. Yekaterina evləndikdən sonra da Potyomkinlə gizli görüşlərini davam etdirir, sonralar isə Avropada başqa eşq macəraları yaşayırdı.

İtaliyada dəbdəbə və rahatlıq içində həyat

Skavronski Neapolda Rusiyanın diplomatik nümayəndəsi vəzifəsinə təyin edildikdən sonra cütlük İtaliyaya köçdü. Yekaterina burada son dərəcə dəbdəbəli və qayğısız həyat sürürdü.

O, günün böyük hissəsini divanda uzanaraq keçirə, korset geyinmədən, bahalı qara xəzə bürünərək dincələ və dayısının hədiyyə etdiyi brilyantlarla dolu mücrüləri seyr edə bilərdi.

Məşhur fransız rəssamı Elizabet Viqe-Lebren Yekaterinanın bir neçə portretini çəkmişdi. Rəssam onun əhatəsində olduğu dəbdəbəyə və qeyri-adi tənbəlliyinə heyrətlə baxırdı.

Yekaterinanın ilk nikahından iki qızı dünyaya gəldi: Mariya (1782) və Yekaterina (1783). Lakin ana qızlarının tərbiyəsi ilə o qədər də maraqlanmır, bu işi əsasən dayələrə, mürəbbiyələrə və qohumlarına həvalə edirdi.

Maraqlıdır ki, qızlarının sonrakı taleyi də analarının həyatı qədər qeyri-adi və qalmaqallı oldu. Böyük qızı Mariya qraf Pavel Palenlə ailə qurdu. Kiçik qızı Yekaterina isə məşhur sərkərdə knyaz Pyotr Baqrationun həyat yoldaşı oldu. O, çoxsaylı sevgi macəraları ilə Avropada tanındı və “Gəzən ulduz” ləqəbini qazandı.

Rahiblik andından imtina edən italyan qrafı

1793-cü ildə qraf Skavronski vəfat etdi. Yekaterinaya isə böyük bir sərvət miras qaldı. Gənc dul qadın uzun müddət tək yaşamadı.

İtaliyada olarkən o, Malta ordeninin cəngavəri, italyan qrafı Culio Littaya yaxınlaşdı. Varlı rus aristokratı ilə evlənmək istəyən qraf bunun üçün olduqca qeyri-adi addım atmalı oldu. O, hətta Roma Papası VI Piyə müraciət edərək rahibliklə bağlı subaylıq andından rəsmi şəkildə azad edilməsinə nail oldu.

1798-ci ildə sevgililər nikah bağladılar və sonradan Rusiyada məskunlaşdılar. Yekaterinanın ikinci evliliyi əvvəlkindən fərqli olaraq sakit və xoşbəxt keçdi. Bununla belə, onların müştərək övladları olmadı.

Sarayda yüksək mövqe və ömrünün son illəri

Sankt-Peterburqa qayıtdıqdan sonra qrafinya Litta imperator sarayında nüfuzlu mövqe qazandı. O, qadınlar üçün nəzərdə tutulan ən yüksək təltiflərdən biri olan Müqəddəs Yekaterina ordeninə, həmçinin Müqəddəs İohann Yerusəlimski ordeninə layiq görüldü.

1824-cü ildə isə ona yüksək saray vəzifəsi – qofmeysterina rütbəsi verildi.

Yekaterina yaşa dolduqca əvvəlki gözəlliyinin bir hissəsini itirsə də, dəbdəbəyə olan sevgisini və həyata sakit, təmkinli münasibətini ömrünün sonunadək qoruyub saxladı.

Yekaterina Vasilyevna Engelqardt 1829-cu il fevralın 7-də Sankt-Peterburqda, 68 yaşında vəfat etdi. O, böyük ehtiramla Aleksandr Nevski Lavrasında dəfn olundu.

Ehtiraslar və qalmaqallarla dolu bir ömür

Yekaterina Engelqardtın həyat hekayəsi II Yekaterina dövrünün yalnız siyasi islahatlar, saray intriqaları və imperiya ambisiyaları ilə deyil, həm də ehtiraslar, gizli münasibətlər və səs-küylü qalmaqallarla yadda qaldığını göstərir.

O, dövrünün ən nüfuzlu kişilərindən birinin sevimlisi, varlı qrafın həyat yoldaşı, Avropanın məşhur rəssamlarının portretlərində əbədiləşən aristokrat və nəhayət, imperator sarayının yüksək rütbəli xanımlarından biri oldu.

Smolenskli bu zadəgan qızının taleyi bir daha sübut edir ki, tarixdə bəzən insanın adı təkcə mənsub olduğu ailə, sərvəti və ya tutduğu mövqe ilə deyil, ətrafında yaratdığı əfsanələrlə də yaşayır. Yekaterina Engelqardt da gözəlliyi, sirli münasibətləri və qeyri-adi həyat tərzi ilə əsrlər keçsə belə, maraq doğuran tarixi şəxsiyyətlərdən biri olaraq qalır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*