Xaçmaz rayonunda torpaq üzünə həsrət qalan yüzlərlə belə vətəndaş var. Söhbət yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb edilən bələdiyyə torpaqlarından gedir. Bu gün rayon bələdiyyələrinin qeydiyyatında təxminən 15000-dən çox vətəndaş torpaq növbəsindədir. 1996-cı ildən, yəni torpaq islahatları aparıldığı zaman bələdiyyə fonduna verilən boş ərazi qalmayıb. Şəhərlərdə və kəndlərdə olan sakinlər ya pay torpaqlarında ev tikməyə məcbur olur, ya da yaşadıqları kənddən çıxmağa.
Rayonun ən kiçik yaşayış məntəqələrindən biri olan Qusarçay bələdiyyəsinin sədri Sadiq Alışov Konkret.az-ın şimal bürosunun əməkdaşı ilə söhbətində bildirib ki, “Qeydiyyatımızda 500 nəfərdən çox gənc ailə var. Bu say gündən-günə artır. Kəndimizin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan 356 hektar ərazisi paylanılıb. Hazırda bu kiçik ərazidə 5450 vətəndaş yaşayır. Elə evlər var ki, bir təsərrüfatda (evdə) 3-4 ailə yaşayır. Müraciət edən vətəndaşlara verməyə bir qarış da torpağımız qalmayıb”.
Bələdiyyə sədrinin sözlərinə görə, hazırda bələdiyyə fonduna müraciət edən kənd sakinlərini torpaqla təmin etmək üçün ən azı 150 hektardan çox əraziyə ehtiyac var. Bir neçə kənd istisna olmaqla rayonun demək olar ki, bütün kəndlərində bu məsələdə vəziyyət acınacaqlıdır. Sakinlər isə məcbur olub pay torpaqlarında ev tikir. Bu da onlar üçün bir sıra problemlərə yol açır. Həm evlərin daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışlarının alınması mümkün olmur, həm də kommunal xidmətlər üçün texniki şərtlər almaq çətinləşir.
Sədr qeyd edib ki, boş torpaqlar var. Rayonun demək olar ki, bütün yaşayış məntəqələrində sənaye, nəqliyyat, rabitə, müdafiə, meşə, su və digər təyinatlar üçün nəzərdə tutulan ərazilər mövcuddur. Amma bu torpaqlar başqa təyinatlar üçün nəzərdə tutulub. Həmin ərazilərdə ev tikmək və digər məqsədlər üçün istifadə etmək qadağandır. Bu torpaqların təyinatını yalnız Nazirlər Kabineti dəyişdirə bilər. Rayonda hazırda yaşayış məntəqələrinin perspektivi üçün nəzərdə tutulan torpaq sahələri qalmadığı üçün rayon rəhbərliyi müvafiq dövlət strukturlarına bu barədə müraciət edib. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanonun sözlərinə görə, bu istiqamətdə lazım olan sənədləşmə işi aparılıb və aidiyyatı qurumlara təhvil verilib.
Qeyd edək ki, oxşar problem artıq Qusar rayonunda öz müsbət həllini tapıb. Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid olan meşə fondundan 30 hektar ərazinin Qusar şəhər bələdiyyəsinin balansına verilməsi barədə razılıq verib.
Cəlal Fərzəliyev