Professor “od püskürdü“: “Azərbaycanda elmlə məşğul olanlara işgəncə verilir“backend

Professor “od püskürdü“: “Azərbaycanda elmlə məşğul olanlara işgəncə verilir“

“Dünyanın heç bir qitəsində elmlə məşğul olan insanlara Azərbaycandakı qədər işgəncə verilmir”.

KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri professor Vaqif Sultanlı deyib. Yazıçı qeyd edib ki, elmi ad almaq üçün keçirilən müzakirələr dissertantları haldan salır və onlarda elmə nifrət yaradır:

“Mövzunun kafedrada, Elmi Şurada, Koordinasiya Şurasında təsdiqi bir ilə qədər vaxt aparır. Mövzunun təsdiqi üçün təxminən 10 səhifəlik plan-prospekt deyilən gərəksiz sənəd hazırlanır. Dissertasiya yazılandan sonra ilkin müzakirə, seminar müzakirəsi, açıq müdafiə keçirilir. Bəzən iki-üç il vaxt aparan, əksər hallarda formal xarakter daşıyan bu mənasız müzakirələr dissertantı haldan salır, elmə nifrət yaradır. Hər bir müzakirə üçün müxtəlif rəylər və müdafiə zamanı rəsmi opponentlərin rəyi, iki dildə avtoreferat tələb olunur. Müzakirələr və müdafiə prosesi videoya çəkilir, daha sonra kağıza köçürülərək təsdiqlənir. Dərc olunan məqalələrin əsli, surəti, elektron versiyası tələb olunur”.

Professor yazılan avtoreferatların keçmiş sovet respublikalarına göndərilməsi ilə bağlı da narazılığını dilə gətirib:

“Avtoreferatlar Türkiyəyə, Avropaya, Amerikaya deyil, nədənsə elmi mühitin dağıldığı keçmiş sovet respublikalarına göndərilir.

Müdafiə bitəndən sonra Ali Attestasiya Komissiyasında ikinci cəbhə açılır, bütün işgəncə prosesi az qala yenidən təkrar olunur. Burada iş gizli rəyə verilir, dissertasiya müəllifi Ekspert Şurasının iclasına dəvət olunur, daha sonra müzakirə Rəyasət Heyətinin iclasına çıxarılır.

Ali Attestasiya Komissiyasında işə baxılma prosesi heç bir səbəb göstərilmədən bəzən illərlə uzadılır. Ali Attestasiya Komissiyasına təqdim olunan sənədlərin həcmi bəzən dissertasiyanın həcmindən iki-üç dəfə çox olur. Ancaq elmdən danışmaq əbəsdir”.

Vaqif Sultanlı dünyanın inkişaf etmiş əksər ölkələrində müdafiə şuralarının olmadığını da diqqətə çatdırıb:

“Dissertasiya elmi rəhbər və iki alimin rəyi əsasında müdafiə edilir və diplomu da universitet özü verir. Ancaq elm var, çünki gərəksiz sənədlərə deyil, araşdırmaya diqqət yetirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*