Qadın qanı: Cəmiyyətin qorxduğu güzgübackend

Qadın qanı: Cəmiyyətin qorxduğu güzgü

Bu gün yenə iki qadının öldürülməsi xəbər başlıqlarına düşdü. Bu, təkcə bir neçə fərdi faciə deyil, sistemli bir problemin təkrarlanan simptomudur. Azərbaycanda məişət zorakılığı və qadın qətlləri illərdir statistikada öz yerini qoruyub saxlayır, lakin hər dəfə hadisə baş verəndə cəmiyyət eyni sual ətrafında dövr edir: “Bu, axı niyə baş verir?”

Azərbaycanda qadın zorakılığı mahiyyət etibari ilə ciddi problemdir. Çünki bu problem adətən illər boyu davam edən, get-gedə şiddətlənən bir proses kimi xarakterizə edilməyə başlayıb. Biz ayrı-ayrı xəbərlərdə hədə, təhqir, izolyasiya, fiziki zorakılıq və nəhayət qətllə nəticələnən informasiya silsiləsi ilə üz-üzə qalmışıq. Bu zəncirdə müdaxilə mexanizmləri işləməsə də, vəziyyət getdikcə acınacaqlı hal alır: polisəşikayət, məhkəmənin qoruyucu order verməsi, psixoloji dəstək, sosial xidmətlərin mövcudluğu yetərli deyil.

Məlum olduğu kimi, zorakılıq edən şəxslərlə iş aparan psixoloji-korreksiya proqramları bir çox ölkədə təkrar zorakılığın qarşısını almağın əsas alətlərindən biri sayılır. Azərbaycanda bu istiqamətdə qanunvericilik bazası (2010-cu il “Məişət zorakılığı haqqında” Qanun) mövcuddur, lakin real tətbiqin əhatə dairəsi, keyfiyyəti və effektivliyi ictimaiyyət üçün şəffaf deyil. Nə qədər insanın belə proqramlardan keçdiyi, neçəsinin təkrar zorakılıq törətdiyi barədə mütəmadi, açıq statistika yoxdur.

Şəffaflığın olmaması, öz növbəsində, “pulun hara getdiyi” sualını labüd edir. Bu, ittiham deyil, sadəcə, açıq hesabatlılığın yoxluğunun doğurduğu şübhədir. Korrupsiya iddiaları konkret sübutlarla təsdiqlənmədən ittiham kimi səslənməməlidir, amma dövlət proqramlarının nəticələrinin ictimaiyyətlə bölüşülməməsi öz-özlüyündə etimadsızlıq yaradan amildir. Etiraf etmək lazımdır ki, əgər ciddi tədbirlər görülməsə, layihələr icra olunmasa, bugünkü səhlənkarlığın, formal yanaşmanın bədəlini gələcək nəsillər ödəyəcək. Zorakılıq mühitində böyüyən uşaq statistik olaraq həm qurban, həm də təcavüzkar rolunu təkrarlamaq riski daşıyır. Bu, psixologiya elmində “zorakılığın nəsildən-nəslə ötürülməsi” kimi tanınan hadisədir. Yəni bu gün göz yumulan hər hal, sabahın yeni faciəsinin toxumudur.

Ona görə də məhkəmələr vasitəsilə qoruyucu orderlər real vaxtda icra olunmalıdır. Zorakılıq edənlərlə işləyən proqramların nəticələri illik açıq hesabatla ictimailəşdirilməlidir. Qurbanlara sığınacaq, hüquqi və psixoloji dəstək daha da əlçatan olmalı, xüsusən regionlarda bu proses diqqətdə saxlanmalıdır. Eləcə də erkən xəbərdarlıq siqnallarına (təkrar şikayətlər, hədə-qorxu) institusional həssaslıq artırılmalıdır.

Amma bütün bunlara baxmayaraq, biz tam deyə bilmərik ki, kişilər qadın qanına susayıb. Belə demək ümumiləşdirmiş emosional reaksiyadır. Odur ki, problem konkret, təkrarlanan nümunə göstərən fərdlər və onları vaxtında saxlaya bilməyən sistemdədir. Məhz buna görə həll də fərdi qınaqda deyil, institusional məsuliyyətdə axtarılmalıdır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*