Türkiyə təmsilçisi “Qalatasaray” Rusiyanın “Lokomotiv” komandasının üzvü Aleksey Batrakovu transfer edəcəyi təqdirdə ona illik 5,8 milyon dollar maaş ödəyəcək.
KONKRET.az “Fotomaç”a istinadən xəbər verir ki, bundan əvvəl İstanbul təmsilçisinin rusiyalı yarımmüdafiəçinin müqaviləsində nəzərdə tutulan təxminən 23,2 milyon dollarlıq sərbəstqalma məbləğini ödəməyə hazır olduğu bildirilmişdi.
Həmçinin tərəflər arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunduğu vurğulanıb.
Qeyd edək ki, “Lokomotiv”in yetirməsi olan Batrakov ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb. O, bu görüşlərdə 17 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
22 yaşlı futbolçunun “Lokomotiv”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, onun bazar dəyəri təxminən 32,5 milyon dollardır.
