Qarabağa qanunsuz gəlmiş cinayətkar qrup “blokada” şəraitində Ermənistana NECƏ QAYITDI?backend

Qarabağa qanunsuz gəlmiş cinayətkar qrup "blokada" şəraitində Ermənistana NECƏ QAYITDI?

Qarabağa qanunsuz gəlmiş bir qrup kriminal avtoritet “blokada” şəraitində Ermənistana necə qayıdıb? 

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” araşdırma aparıb. Məlum olub ki, Qeqarkunik rayonunun Noratus kəndinin tanınmış kriminal avtoritetləri Qarabağı bir həftə əvvəl tərk ediblər.

“Laçın dəhlizi bağlandıqdan sonra, Ermənistandan Qarabağa gedən bir çox vətəndaş orada qalıb və hələ də Ermənistana qayıda bilmir.

Bizə məlumat verdilər ki, həmin günlərdə Qarabağda Noratusun tanınmış kriminal avtoritetləri, Ara və Alik Banduryan qardaşları, onların ətrafı, “yaxşı qardaşlar” və s. də “mühasirədə” qalıb.

Aldığımız məlumata görə, onlar Qarabağa hansısa məsələləri həll etmək, sənədləri rəsmiləşdirmək üçün gediblər.

Bəs Noratusun tanınmış kriminal avtoritetləri Qarabağ necə tərk etdilər?

Onlar  təxminən bir həftə əvvəl “blokada”dan çıxa biliblər. Rus sülhməramlılar bu işdə onlara kömək edib.

Onları “Ural” hərbi maşını ilə dağlarla, dərələrlə Qarabağdan çıxarıb Ermənistana aparıblar. Ruslar Ermənistandan Qarabağa gedən digər şəxsləri də özləri ilə gətiriblər.

Noratuslu qardaşların yaxın dostu və komanda yoldaşı sayılan banduryanlıların yanında “Tarzan” ləqəbli Çarençavanlı gənc də olub. Bir neçə gün əvvəl polis onun haqqında məlumat yayıb.

“Tarzan” dəstəsi ilə  yanacaqdoldurma məntəqəsinə soxularaq kameraları sındırıb, söyüş söyüblər.

Bundan sonra həmin Tarzanın onurğa sümüyü zədəsi ilə məhkəmə zalında çəkilmiş görüntüsü yayılıb. Vəkilinin sözlərinə görə, Tarzan Daxili İşlər Nazirliyinin Çarençavan şöbəsində İrəvandan dəvət olunmuş maskalı şəxslər tərəfindən döyülüb”, – deyə qəzet yazıb.

P.S. Yazının detalları Rusiya sülhməramlılarının özbaşınalığını bir daha sübut edir. Qarabağa dəstə-dəstə çinayətkar qrup gəlir, cinayət əməllərini tamamladıqdan sonra sülhməramlılar onları “blokada”dan çıxarıb Ermənistana yola salır. Bu, yüzlərlə faktdan biridir. 

Sülhməramlıların daha nə işlərlə məşğul olduğunu təsəvvür etmək elə də çətin deyil. Hər gün “bağlı” yol ilə sülhməramlıların 30-40 maşını keçir. Nə bilirik onların içində nələr və kimlər daşınır? 

Ukraynanı məhv etmək üçün Belarusa sisternlərdə canlı qüvvə və silah daşıyan Rusiya burada da yük maşınlarında silah və erməni quldurlarını gətirdiyi istisna deyil. Onların maşınları yoxlanılmadığı üçün hər nə desən gözləmək olar. Rusun kəsdiyi başa hələki sorğu-sual yoxdu…

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*