backend

Qarabağda Rusiya sülhməramlılarının məkrli planı – MÜHÜM TƏFƏRRÜATLAR

Bu gün bütün diqqətlər Rusiya-Ukrayna münaqişəsinə yönəlib. Bu münaqişə fonunda isə Qarabağda baş verən xoşagəlməz gəlişmələr diqqətdən kənarda qalıb. Halbuki bizim üçün Qarabağda baş verən ən xırda məsələ həyati əhəmiyyət kəsb edir. Ona görə də Rusiya sülhməramlılarının və ermənilərin Qarabağda törətdikləri özbaşınalıqlarla bağlı bəzi faktları qabartmaq istəyirəm.

Bəllidir ki, Rusiya Qarabağdakı erməniləri nə olursa-olsun həm əlində saxlamağa çalışır, həm də siyasi məqsədləri üçün istifadə etməkdədir. Bu da ona dəlalət edir ki, ruslar Qarabağa müvəqqəti deyil, əbədi qalmaq istəyi ilə gəliblər. Və onlar Qarabağdakı mövcudluqlarını əbədiləşdirmək üçün bütün vasitələrdən istifadə edirlər. Bunu ruslar özləri də etiraf edirlər. Məsələn, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin bu günlərdə verdiyi açıqlamada deyir:

“Rusiya sülhməramlılarının Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgədəki funksiyaları və Qarabağda həyata keçirdikləri fəaliyyətlər arasında böyük fərq var. Onların əsas fəaliyyəti münaqişə tərəflərini ayırmaq olub, Qarabağda isə sülhməramlılar xəstəxanalar tikir, məktəbləri təmir edir, kənd təsərrüfatı texnikasını təmir edir, fermerlərə mineral gübrələrlə kömək edir, qazlaşdırma aparır və s.”

Yəni Rusiya artıq Qarabağda sülhməramlı missiyasından çıxıb, ermənilərin himayəçisi kimi çıxış edir. Heç kimə sirr deyil ki, hazırda Qarabağdakı ermənilər Rusiyanın Federal Büdcəsinə otuzdurulub. Belə ki, ermənilərin sosial problemləri əsasən rusların hesabına həll olunur.

Məsələnin digər narahatlıq doğuran tərəfi isə odur ki, Qarabağdan olan ermənilərə Rusiya pasportları paylanması son vaxtlar daha qabarıq şəkil alıb. Erməni mənbələrinin yaydığı statistik məlumatlar prosesin ciddiliyindən xəbər verir. 2021-ci ildə ümumilikdə 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son illərin ən rekord göstəricisi hesab olunur. 2020-ci ildə 30 min 558, 2019-da 24 min 24, 2018-də 27 min 134, 2017-də 25 min 144 nəfər erməni Rusiya vətəndaşlığı alıb. Ümumilikdə 2017-2021-ci illərdə 153 min 800 erməni Rusiya pasportuna malik olub. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir.

Aydındır ki, “rus pasportu” alan 153 min 800 erməninin hər biri Qarabağda yaşamır. Bu rəqəmin 10 faizi qədər erməninin Qarabağda yerləşməsi isə Rusiyaya məkrli planlarını gerçəkləşdirməyə imkan verir. Bu da onu göstərir ki, artıq Rusiya Qarabağda yerləşən erməni əhalisi içərisində “rus icması” yaratmaq layihəsinə start verib. Hətta bu “icmaya” rəhbər də tapıb, bu şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının keçmiş məzunu Aleksandır Bordovdur! Məsələnin maraqlı tərəfi isə budur ki, ad -soyadı Aleksandr Bordov olsa da, Qarabağdakı qondarma “rus icması”nın rəhbəri rus deyil, milliyətcə ermənidir…

Sülhməramlıların Qarabağda ruslaşma siyasətinin daha bir iyrənc və qorxulu cəhəti isə rus əsgərləri ilə erməni qadınlarının rəsmi izdivacıdır. Erməni mətbuatının məlumatına görə, son vaxtlar çoxlu sayda erməni qadını rus hərbiçiləri ilə rəsmi nigaha giriblər. Bəzən bir hərbiçinin bir neçə erməni qadınla nigaha girməsi faktı da var. Erməni mətbuatı bunu Qarabağdakı ermənilərin sosial vəziyyəti ilə əlaqələndirirlər. Lakin bu cür hallar çox çirkin və məkrli məqsədlərdən doğur. Qarabağ ermənilərinə bu və ya digər yollarla Rusiya vətəndaşlığı verilməsi gələcəkdə Azərbaycan üçün çox ciddi problemlər yarada bilər. Çünki Rusiya Konstitusiyasında açıq şəkildə yazılıb ki, dünyanın istənilər yerində yaşayan rusun müdafiəsi dövlətin əsas borcudur. Burdan da belə məlum olur ki, ən yaxın gələcəkdə Qarabağda minlərlər Rusiya “vətəndaşı” formalaşacaq. Və bu da Rusiyanın Azərbaycanın icazəsi olmadan Qarabağa müdaxilə etməsinə hüquqi əsas yaradacar.

Burada başqa bir təhlükəli məqam da var. Rusiya-Ukrayna münaqişəsinin başlanma prosedurunu buna misal çəkə bilərik. Moskva əvvəlcə DXR və LXR-in müstəqilliyini tanıdı. Və bundan sonra “müstəqil respublika”ların Xalq Məclisinin müraciətinə əsasən Rusiya sülhməramlıları qondarma respublikaların əhalisini xarici “təcavüzdən qorumaq” üçün Luqansk və Donetsk bölgəsinə yeridildi. Şeytanın da ağlına gəlməyən bu “hüquqi” prosedur qarşısında bu gün bütün dünya şokdadır. Rusiya öz işğalçılıq siyasətinə beynəlxalq hüquqi don geyindirib.

İndi siz deyin, sabah analoji hadisənin Qarabağda təkrarlanmayacağına kim təminat verə bilər? Təbii ki, heç kim… İstənilən vaxt Rusiya “artsax”ın müstəqilliyini tanıya və bu separatçı qurumun müraciəti əsasında Qarabağa daha böyük kontingentdə ordu yeridə bilər. Bu isə Azərbaycanın suverenliyinə çox böyük zərbə olar.

Bəs bu cür təhlükələrin qarşısını necə almaq olar? Bu barədə növbəti yazımızda…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*