Qazaxıstanın ardınca Azərbaycan da bu addımı ata bilər — Repetitorluqla bağlı AÇIQLAMAbackend

Qazaxıstanın ardınca Azərbaycan da bu addımı ata bilər — Repetitorluqla bağlı AÇIQLAMA

Qazaxıstanda məktəblərdə şagirdlərin əlavə hazırlığa ehtiyacını azaltmaq məqsədilə dövlət hesabına məşğələ qruplarının yaradılması repetitorluq məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda da xüsusilə ali məktəblərə qəbul prosesində repetitorluğun geniş yayılması valideynlər üçün ciddi maliyyə yükü yaradır.

Bəs ölkəmizdə repetitorluğun qarşısının alınması və məktəblərdə dövlət hesabına əlavə məşğələlərin təşkili mümkündürmü? Azərbaycanda təmayül sinifləri bu problemin həllinə nə dərəcədə kömək edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda da repetitorluğun qarşısını almaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir.

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə  saxlanılmalıdır - AZƏRTAC

Onun sözlərinə görə, bu istiqamətdə tətbiq olunan əsas mexanizmlərdən biri təmayül sinifləridir.

“Artıq Azərbaycanda da repetitorluğun qarşısını almaq üçün müəyyən profilaktik tədbirlər görülür. Onlardan biri də təmayül sinifləridir. Təmayül sinifləri müəyyən mənada repetitorluğun yerinə yetirdiyi funksiyanı öz üzərinə götürür”, – deyə ekspert bildirib.

Təmayül sinifləri repetitorluğu əvəz edə bilərmi?

M.Məmmədli qeyd edib ki, təmayül sinifləri əvvəlcə pilot layihə kimi tətbiq olunub. Əldə edilən nəticələrdən sonra layihənin əhatə dairəsi genişləndirilib.

Ekspertin sözlərinə görə, hazırda Bakı şəhərində 30-dan artıq məktəbdə bu sistemin tətbiqinə başlanılıb.

Məktəbdaxili əlavə hazırlıq imkanlarının genişləndirilməsinin şagirdlərin repetitor yanına getmədən ali məktəblərə hazırlaşmasına şərait yarada biləcəyini vurğulayan ekspert bildirib:

“Pilot layihənin müəyyən nəticələr verməsi göstərdi ki, repetitorsuz da uşaqların ali məktəblərə qəbul olunması mümkündür. Bu baxımdan Azərbaycanda da həmin istiqamətdə tədbirlər görülür”.

Valideynlərin repetitor xərcləri azala bilər

Ekspert əlavə edib ki, təmayül sinifləri ilə bağlı həm şagirdlərin, həm də müəllimlərin seçim mərhələsi artıq başa çatıb.

Onun fikrincə, bu sistemin daha da genişləndirilməsi məktəblərdə təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, valideynlərin repetitorluğa çəkdiyi xərclərin azalmasına da imkan yarada bilər.

Beləliklə, Qazaxıstandakı modelin eynilə Azərbaycanda tətbiqi məsələsi ayrıca müzakirə tələb etsə də, təmayül siniflərinin genişləndirilməsi ölkədə repetitorluğa olan ehtiyacın azaldılması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*