Qəbul imtahanlarında xarici dilə ehtiyac varmı?backend

Qəbul imtahanlarında xarici dilə ehtiyac varmı?

“Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadənin qeyd etdiyi yeni metodlar, əslində, müasir dünyanın tələblərindən doğan zərurətdir. Xüsusilə, dil bacarıqlarının yalnız qrammatik qaydalar və mətn üzərində işlə deyil, həm də dinləmə və danışıq blokları ilə yoxlanılması artıq qaçılmaz bir mərhələdir. Qəbul imtahanlarında xarici dilin olması məsələsinə gəlincə, bu günün reallığında həmin fənnə ehtiyacın olub-olmaması mübahisə mövzusu belə ola bilməz. Biz qlobal dünyada yaşayırıq və elmin, texnologiyanın dili böyük ölçüdə beynəlxalq dillər üzərində bərqərar olub. Bir gənc sabah ali məktəbə daxil olanda istər mühəndislik, istər tibb, istərsə də humanitar sahədə oxusun, onun qarşısına çıxacaq ən zəngin mənbələr məhz xarici dillərdə olacaq. Abituriyentdən xarici dil tələbini götürsək, faktiki olaraq həmin gəncin gələcəkdə dünya elminə çıxış qapısını kilidləmiş olarıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Şəmsi Qocayev deyib.

Ekspert bildirib ki, imtahanlarda tətbiq edilən yeni yanaşmalar “dili bilmək” anlayışını “dili yaşamaq” anlayışı ilə əvəz edir: “Əvvəllər şagirdlər dili sadəcə testləri düzgün yazmaq üçün öyrənirdilərsə, indi tətbiq olunan dinləmə testləri və perspektivdə gözlənilən digər yeniliklər onları dildən canlı ünsiyyət vasitəsi kimi istifadə etməyə sövq edir. Bu, gənclərimizin intellektual səviyyəsinin və rəqabətədavamlılığının artırılması deməkdir. Bəzən deyirlər ki, hər kəsin dil öyrənməyə meyli olmaya bilər. Ancaq ali təhsil iddiamız varsa, müəyyən baza biliklərinə sahib olmaq məcburiyyətdir. Dil sadəcə söz yığını deyil, həm də bir mədəniyyət, fərqli bir təfəkkür tərzi qazanmaqdır. Buna görə də imtahan formatının təkmilləşdirilməsi müsbət addımdır və bu fənnin kurikulumda qalması strateji əhəmiyyət kəsb edir. Nəsirəddin Tusi deyirdi ki, hər bir dil bir elmdir. Bir elmi öyrənmək bir insanı cəhalətdən qurtarıb işığa çıxarırsa, ikinci bir dili öyrənmək həmin nurun təsirini ikiqat artırır. Tusi hesab edirdi ki, müxtəlif dilləri bilən şəxs fərqli xalqların hikmətini bir araya gətirə bildiyi üçün mənən daha zəngin və çoxşaxəli bir şəxsiyyətə çevrilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*