Qədim yunanlar yayı necə keçirirdilər? – Günəş, dəniz, ziyafətlər və antik bikinibackend

Qədim yunanlar yayı necə keçirirdilər? - Günəş, dəniz, ziyafətlər və antik bikini

Qədim yunanlar üçün yay yalnız isti günlər və uzun istirahət mövsümü demək deyildi. Bu fəsil bayramlar, təntənəli mərasimlər, dəniz çimərliyi, idman yarışları və bol süfrələrlə yadda qalırdı. Günəşin istisi, dənizin sərinliyi, ziyafətlərin səsi və həyatın gözəlliyindən zövq almaq onların yay həyatının ayrılmaz hissəsi idi.

Arxeoloq Peqqi Riqqanın araşdırmaları da qədim yunanların yay ənənələrinin nə qədər rəngarəng olduğunu göstərir.

İşıq bayramları və təmtəraqlı ziyafətlər

Qədim yunanların yay aylarında qeyd etdikləri mühüm bayramlardan biri Apollonun şərəfinə keçirilirdi. Bu mərasimlərdə tanrılara qurbanlar təqdim olunur, xalq şənliklərdə iştirak edirdi.

Belə mərasimlərin ən möhtəşəmlərindən biri hekatomba adlanırdı. Bu zaman tanrılara yüz baş mal-qara, əsasən də öküz qurban verilirdi. Qurban mərasimindən sonra ət iştirakçılar arasında bölüşdürülür və böyük ziyafətlər təşkil olunurdu.

Yay aylarında Afinada Panafineya bayramı da xüsusi təntənə ilə qeyd edilirdi. Şəhərin himayədar ilahəsi Afinanın şərəfinə keçirilən bu mərasimlərə dini ayinlər, yürüşlər, idman yarışları və müxtəlif əyləncələr daxil idi.

Dəniz və üzgüçülük – yay istirahətinin ayrılmaz hissəsi

Yay istirahətinin geniş yayılması çox vaxt qədim romalılarla əlaqələndirilsə də, dənizdə çimmək və üzgüçülük qədim yunanların həyatında da mühüm yer tuturdu.

Onlar üzməyi vacib bacarıq hesab edirdilər. Hətta qədim mənbələrdə üzməyi və oxumağı bacarmayan insanların savadsız və mədəniyyətdən uzaq sayılması ilə bağlı fikirlərə rast gəlinir.

Tarixçi Herodotun Salamis döyüşü haqqında verdiyi məlumatlar da üzgüçülüyün əhəmiyyətini göstərir. Onun yazdıqlarına görə, döyüş zamanı yunanların bir çoxu gəmiləri məhv edildikdən sonra üzərək sahilə çıxmış, üzməyi bacarmayan düşmən əsgərləri isə suda həlak olmuşdular.

Qədim yunanların istirahət və idman mərkəzlərində xüsusi üzgüçülük hovuzları da var idi. Belə hovuzlar kolimvitri adlanırdı və gimnaziyaların ərazisində yerləşirdi.

Arxeoloqlar qədim Olimpiyada e.ə. V əsrə aid belə hovuzlardan birini aşkar ediblər. Onun uzunluğu 24, eni 16 metr, dərinliyi isə təxminən 1,6 metr idi. Oxşar tikili Cənubi İtaliyadakı qədim Posidoniya şəhərində də üzə çıxarılıb.

Qədim dövrün bikinisi: qadınlar necə üzürdülər?

Qədim yunanların çimərlik və üzgüçülük ənənələri ilə bağlı ən maraqlı məqamlardan biri geyim məsələsidir.

Freskalar və digər arxeoloji təsvirlər göstərir ki, antik dövrdə insanlar çox vaxt çılpaq üzürdülər. Bununla belə, bəzi hallarda yüngül geyimlərdən də istifadə olunurdu.

Müasir bikinini xatırladan iki hissəli geyim nümunəsinə isə qədim Roma dövrünün mozaikalarında rast gəlinir.

Söhbət Siciliyada yerləşən və eramızın IV əsrinin əvvəllərinə aid edilən məşhur Villa Romana del Casale mozaikasından gedir. Burada on qadın idmançı müxtəlif fiziki hərəkətlər və yarışlar zamanı təsvir olunub. Onların arasında ağırlıq qaldırma, disk atma və topla oyun da var.

Qadınların geyimi müasir bikinini xatırladır: bədənin aşağı hissəsini örtən geyim və döşləri sarımaq üçün istifadə olunan xüsusi parça – strofion və ya apodesmos.

Bu təsvirlər göstərir ki, iki hissəli idman geyimi ideyası müasir dövrün ixtirası deyil. Onun qədim nümunələri təxminən 1700 il əvvələ gedib çıxır.

Yayın bolluğu və gözəlliyi sənət əsərlərində

Qədim yunan incəsənətində yay fəsli bəzən əlində sünbül dəstəsi və oraq tutan qadın fiquru şəklində təsvir edilirdi. Bu obraz məhsuldarlığı, bolluğu və torpağın bərəkətini simvolizə edirdi.

Delfidə aşkar edilmiş erkən Bizans dövrünə aid villanın mozaikalarında da yayın bəxş etdiyi nemətlər əks olunub. Burada meyvələr, üzüm, əncir, taxıl sünbülləri, balıq, molyusklar və xərçəngkimilər təsvir edilir.

Qədim yunan və Roma dünyasına aid freskalarda, vazalarda və mozaikalarda şərab qablarına, süfrələrə düzülmüş meyvələrə və ziyafət səhnələrinə tez-tez rast gəlinir.

Bütün bu təsvirlər qədim insanların yay fəslinə münasibətini aydın göstərir. Onlar üçün yay təbiətin səxavətindən bəhrələnmək, dostlarla bir araya gəlmək, dənizdə üzmək, idmanla məşğul olmaq və həyatın gözəlliklərindən zövq almaq zamanı idi.

Görünür, min illər əvvəl də insanlar yayın gəlişini səbirsizliklə gözləyir, günəşli günlərin, dənizin və bol süfrələrin dadını çıxarmağı bacarırdılar.

Rəsmiyyə Şərifova,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*