Qeyri-sabit hava otun qiymətini bahalaşdıra bilərbackend

Qeyri-sabit hava otun qiymətini bahalaşdıra bilər

Qeyri-sabit hava şəraitinin ot biçininə mənfi təsir göstərməsi bazarda otun qiymətinin artmasına səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bunu milli.az-a heyvandarlıqla məşğul olan fermerlər məlumat verib.

Onların sözlərinə görə, yaz aylarında müşahidə olunan tez-tez yağan yağışlar, güclü küləklər və temperatur dəyişiklikləri otun biçilməsi və qurudulması prosesini çətinləşdirir.

“Otun keyfiyyətli şəkildə tədarük olunması üçün biçindən sonra müəyyən müddət quru hava şəraiti tələb olunur. Lakin yağıntılı hava şəraitində biçilmiş otun quruması gecikir, bəzi hallarda isə məhsulun bir hissəsi yararsız hala düşür. Bu da həm məhsuldarlığın azalmasına, həm də fermerlərin əlavə xərc çəkməsinə səbəb olur. Hava şəraitinin əlverişsiz keçməsi nəticəsində ot ehtiyatlarının həcmi azalarsa, bazarda təklifin aşağı düşməsi qiymətlərə birbaşa təsir göstərəcək. Xüsusilə heyvandarlıqla məşğul olan təsərrüfatların qış üçün yem bazası yaratmağa çalışdığı dövrdə tələbatın yüksək olması bahalaşmanı daha da sürətləndirə bilər”.

Fermerlər qeyd edib ki, bundan əlavə, keyfiyyətli otun həcminin azalması fermerləri daha baha qiymətə yem almağa məcbur edə bilər.

“Nəticədə bu vəziyyət heyvandarlıq məhsullarının maya dəyərinə də təsir göstərərək süd, ət və digər məhsulların qiymətlərində artım riskini yüksəldə bilər. Qarşıdakı həftələrdə hava şəraiti sabitləşməzsə və biçin prosesi gecikərsə, ot bazarında qiymət artımının müşahidə olunması ehtimalı yüksəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*