“Qoy o sürücülər məndən inciməsinlər…”- Vaqif Əsədovdan sərt XƏBƏRDARLIQbackend

“Qoy o sürücülər məndən inciməsinlər…”- Vaqif Əsədovdan sərt XƏBƏRDARLIQ

“Gündəlik çörək pulu qazanan insanları anlayışla qarşılayırıq, onları başa düşürük. Amma onlar da polisi anlamalıdırlar. Vətəndaşların çox sıxlaşdığı yerdə dayanmamalıdırlar. Körpünün altında yüzlərlə sürücü yığışıb “Lənkəran, Astara…” deyə qışqırır. Biz bunun qarşısını almayaq,  neynəyək? Onlara demirik ki, çörək pulu qazanmayın, amma belə də olmaz axı…. Koronavirus insanların daha sıx toplaşdığı yerdə tez yayılır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bu gündən yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verdiyi şəxslər nəqliyyatla şəhərdə hərəkət edə bilər:

“Bu haqda Operativ Qərargahın açıqlamalarında aydın və ətraflı məlumat yazılıb. Həmin siyahı hər kəsə məlumdur, açıb oxusunlar. Azərbaycan bu vaxtadək bir çox dünya miqyaslı tədbirlərin öhdəsindən layiqincə gəlib. Mən inanıram ki, bu gün də xalqımızın hər bir nümayəndəsi dövlətimizin bu qərarına riayət edəcək. Bu çətinlikdən alnı açıq, üzüağ, itki vermədən çıxacağıq”.

Polkovnik əhaliyə müraciət edib: “Səbəbsiz olaraq nəqliyyat vasitələrindən, idarəetmədən imtina edin. “Evdə qal” kampaniyasına qoşulun ki, özünüzün və ailənizin sağlamlığını qoruya biləsiniz. Hesab edirəm ki, bizim bu çağırışımız, bu tövsiyəmiz anlayışla qəbul ediləcək. Biz yol polisi olaraq xidmət apardığımız ərazidə qanunvericiliyin tələbinə uyğun şəkildə işimizi qurmuşuq. Və hər bir sürücüyə bu tövsiyələri veririk”.

V.Əsədov onu da əlavə edib ki, polislər istisna hallar olarsa,  sürücülərə anlayış göstərirlər:
“Məsələn, mən “Azneft” dairəsində xidmət aparıram, görürəm ki, vətəndaş həqiqətən də maşında xəstə aparır, dərhal işıqları yandırıram, onun xəstəxanaya tez çatmasını təmin edirəm. Yenə də deyirəm, çox həssas bir məqamdayıq. Biz də insanıq. Valideynlərimiz, ailə üzvlərimiz var. Hər kəsin durumunu vəziyyətini anlayırıq. Amma sürücülər də vəziyyətin ciddiliyini anlamalıdırlar. Çünki bəzi sücülərimiz evdə otura bilmədiyindən çölə çıxırlar. Xüsusən, onlara səslənirəm, ümumi təhlükəsizlik, sağlamlıq naminə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əməl edin. Həm dünyada, həm də Azərbaycanda gedən prosesləri izləyin. Hər yerdə insanlar bu yöndə qoyulan qaydalara əməl edirlər. Ona görə də ehtiyac olmadan evdən çıxmamaq məsləhətdir. Xəstəsi olan da, təcili yardıma zəng vurmalıdır. Axı onlar da işləyir”.

V.Əsədovun sözlərinə görə, evdən çıxan sürücülər ən çox ərzaq almağı bəhanə edirlər:

“Mən də sürücüyəm, öz evimdə bir həftəlik azüqəmi alıb yığmışam. Ailəmin sağlamlığı naminə, əlaqələri azaltmaq üçün belə etmişəm. Çünki ən yaxşı yol budur. Bu xəstəliyin qarşısını birlikdə, deyilənlərə əməl etməklə alacağıq. Eyni zamanda, kim ki, işləyir, əlində sənədi var, onlara kim mane olur ki?! Bir yol polisi əməkdaşı olaraq, biz də işə gedib gəlirik. Məsələn, bizim şöbədə olan əməkdaşların üçü bir maşınla işə gəlir. Maskadan, əlcəkdən istifadə etməklə qorunmağa çalışır. Əvvəllər o əməkdaşlar hər biri öz maşını ilə gəlirdi. İndi isə vəziyyəti nəzərə alıb üçü birgə gəlir”.

Şöbə rəisi söhbət əsnasında sürücülərə qoruyucu vasitələrlə bağlı tövsiyələrə ciddi əməl etməyin vacibliyini də qeyd edib: “Biz tövsiyə edirik ki, qoruyucu vasitələrdən istifadə edin. Bunu bir dəfə də demişdik, dedilər ki, guya məcbur edirik. Biz tövsiyə edirik və bunu sizin xeyrinizə deyirik. Virusun qarşısının alınması üçün də bu da çox vacibdir. Bəziləri hələ də fikirləşir ki, bəs, mən filan yerə necə gedim? Narazılıq edirlər ki, niyə qoymursuz maşın sürək?! Belə müzakirələr yersiz və haqsızdır. Biz də deyirik, qardaş, sür, amma lüzumsüz yerə sürmə. Yenə də deyirəm, qoy, məni hər bir sürücü eşitsin.  Bu sözlər ələxüsus da, “evdə qala bilmirik, avtomobil sürməklə gün keçirməyi düşünürük” deyənlərə aiddir. Çünki elə sürücülər var ki, darıxdığından maşınla küçəyə çıxır. Məhz bu sürücələrə səslənirəm. Kim ki, vacib obyektlərdə çalışır, işə çıxmağa icazəsi var, onlarla işimiz yoxdur. Mən də təəssüf edirəm ki, belə bir vəziyyətə gəlib çatmışıq. Ağlayıram, inciyirəm, amma nə etməli…”

Polkovnik qaydalara əməl etməyənlərə qarşı ciddi tıədbirlərin görüləcəyini də bildirib: “Baş polis idarəsindən verilən məlumata görə, təxmini 14 min maşın geri qaytarılıb. Bu qədər maşının içərisində heç olmasa bir neçəsi virus daşıyıcısı ola bilərdi. Paytaxtımızı qorumalıyıq ki, bölgələrimizı də gedib çatmasın. Hər kəs ailəsini, vətənini düşünməlidir. Mən də hamı kimi ailəmi, vətənimi düşünərək qanunvericiliyə uyğun hərəkət edirəm. Qoy, heç kim məndən inciməsin. Biz dövlət  qarşısında hesabat veriririk, dincəlmədən, gücləndirilmiş iş rejimində sizin üçün çalışırıq”.

news24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*