Regionlara kadr axınını necə təmin etmək olar? – VACİB TƏKLİFbackend

Regionlara kadr axınını necə təmin etmək olar? - VACİB TƏKLİF

Rusiyada dövlət sifarişi əsasında ali təhsil alan məzunların müəyyən müddət regionlarda işləməsini nəzərdə tutan təşəbbüs gündəmə gəlib. Layihənin məqsədi regionlarda kadr çatışmazlığını aradan qaldırmaq və dövlət vəsaiti hesabına hazırlanan mütəxəssislərin əmək bazarında daha balanslı yerləşdirilməsini təmin etməkdir.

Bəs Azərbaycanda da dövlət sifarişi ilə təhsil alan həkim, müəllim və digər ixtisaslı kadrlar üçün oxşar məcburi iş bölgüsü mexanizminin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, dövlət sifarişi ilə ali təhsil alan məzunların regionlarda işləməyə məcbur edilməsi düzgün yanaşma deyil.

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

Onun sözlərinə görə, əmək fəaliyyəti sərbəst seçim prinsipi əsasında qurulmalıdır:

“Hazırda Azərbaycanda müəyyən öhdəliklər xüsusi təyinatlı ali məktəblərin və akademiyaların məzunlarına şamil edilir. Çünki həmin tələbələrin təhsil, yataqxana və digər xərcləri, eləcə də təqaüdləri dövlət tərəfindən tam şəkildə qarşılanır. Bu səbəbdən onlar məzun olduqdan sonra müəyyən müddət ərzində aidiyyəti qurumlarda işləmək öhdəliyi daşıyırlar. Bu mexanizm artıq tətbiq olunur və öz spesifik xüsusiyyətlərinə görə əsaslandırılmış hesab edilir”.

Ekspert qeyd edib ki, ümumi ali təhsil müəssisələrində dövlət sifarişi əsasında təhsil alan tələbələrə eyni yanaşmanın tətbiqi ədalətsizlik yarada bilər:

“Dövlət sifarişi ilə təhsil almaq tələbənin öz zəhməti və yüksək nəticələri hesabına mümkün olur. Şagird və ya abituriyent uzun müddət hazırlaşır, yüksək bal toplayır və bu hüququ qazanır. Sonradan ona “pulsuz oxumusan, buna görə də regionda işləməlisən” deyilməsi haqsızlıq olar”.

R.Nurəliyev hesab edir ki, regionlarda kadr çatışmazlığının aradan qaldırılması üçün məcburiyyət deyil, stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir:

“Əgər məqsəd məzunların regionlarda çalışmasını təmin etməkdirsə, bunun üçün əməkhaqqına əlavələr, kirayə və yaşayış xərclərinin qarşılanması kimi təşviqedici tədbirlər görülə bilər. Bu daha effektiv və məqsədəuyğun yanaşma olar. Məcburi göndəriş isə əlavə problemlər yarada bilər və gözlənilən nəticəni verməz”.

Ekspertin fikrincə, regionların sosial-iqtisadi cəlbediciliyinin artırılması gənc mütəxəssislərin könüllü şəkildə həmin ərazilərdə çalışmağa marağını yüksəldəcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*