Azərbaycanın regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi tərəqqi strategiyasının mühüm tərkib hissəsidir. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası regionların davamlı və tarazlı tərəqqisinin təmin olunmasında, rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah və ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasında əlverişli mühit yaratmaq məqsədi daşıyır.
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014—2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işləri yeni keyfiyyət mərhələsinə çıxarıb.
Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramlarında, habelə sosial-iqtisadi inkişafıa dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8, sənaye üzrə 2,6, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Həmçinin, bu müddətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Qeyd edək ki, hazırda da 2019-2023-cü illər üzrə Dövlət Proqramına uyğun olaraq ölkənin ayrı-ayrı regionlarında genişmiqyaslı quruculu-abadlıq və bərpa işləri həyata keçirilir. Bu işlər xüsusən də ölkənin işğaldan azad olunan ərazilərində daha geniş vüsət alıb. Belə ki, proqramın əhatə etdiyi Yuxarı Qarabağ iqtisadi rayonu (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri) üzrə hazırda böyük yenidənqurma işləri aparılır, regionun sosial-iqtisadi inkişafı sürətləndirilir.
Görülən işlər isə birbaşa dövlət başçısı cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Ölkə rəhbəri Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi işini xüsusi diqqətdə saxlayır, bölgəyə vaxtaşırı səfərlər edir, təməlqoyma və açılış mərasimlərində birbaşa iştirak edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfərləri də regionun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanış olmaq məqsədi daşıyıb.
Qeyd edək ki, ölkə rəhbəri səfər çərçivəsində qəsəbədə aparılan tikinti və bərpa işləri ilə yaxından tanış olub, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Suqovuşanda yararsız vəziyyətə düşmüş evlər təmir edilir
44 günlük Vətən müharibəsi zamanı, hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsində 16 fərdi ev qismən yararsız vəziyyətə düşüb. Artıq bu evlərdən biri əsaslı təmir olunub. Təmir olunan evin ümumi yaşayış sahəsi 92 kvadratmetrdir. Layihəyə əsasən ev 3 otaq, mətbəx və 2 sanitar qovşağından ibarətdir. Tikinti altında olan sahə isə 148 kvadratmetr təşkil edir. Evin otaqları yüksək səviyyədə və müasir dizaynla bərpa olunub. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə ağaclar əkilib. Fərdi evlərin yerləşdiyi məhəlləyə işıq və su xətləri çəkilib, yola asfalt örtüyü döşənib.

Yeni ikimərtəbəli məscid kompleksi tikilir
Suqovuşanda dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə yeni məscid kompleksinin də təməli qoyulub.
Ümumi ərazisi 0,6 hektar olan kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək. Burada kişilər və qadınlar üçün ibadət zalının olması planlaşdırılır. Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərən 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunan ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.
Turizm Kompleksində işlər ilin sonunadək başa çatdırılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin də təməli qoyulub.
Məlumat üçün bildirək ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq və növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.
Qəsəbədə 144 şagird yerlik tam orta məktəbin binası əsaslı təmir olunur
Ölkə başçısının tapşırığına uyğun olaraq qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işlərinə başlanılıb. Qeyd edək ki, ərazisi 1 hektar olan və yararsız vəziyyətə düşən Suqovuşan qəsəbə tam orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.
“Bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin”.

Prezident İlham Əliyev: “Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.

Abadlıq və quruculuq işləri, o cümlədən Suqovuşan qəsəbəsində də geniş vüsət alıb. Bu gün burada bir neçə tədbirdə iştirak etmişəm, o cümlədən yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Biz elə etməliyik ki, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazini yenidən quraq. Çünki mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.
Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir…
Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”.
Və son olaraq… Dövlət başçısı cənab İlham Əliyevin Suqovuşandakı bu qətiyyətli çıxışı da əminlik yaradır ki, Azərbaycan dövləti ildən-ilə daha da inkişaf edərək, dünyada böyük gücə çevriləcəkdir.
Sevinc Paşayeva,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

