backend

Rəsul Quliyev Şuşa Bəyannaməsi haqqında: "Miqyası təsəvvür etmək çox çətindir"

Şuşada baş vermiş müqavilə imzalanması hadisəsinin möhtəşəmliyini məntiqlə göstərmək üçün iki gündür düşünürəm. İlk növbədə bu möhtəşəm sazişin Azərbaycanın bu günü, sabahı və gələcəyi üçün oynayacağı rolun masştabını təsəvvür etmək çox çətindir. Bu mühüm saziş əsrlər boyu davam edəcək, başqa sözlə əbədidir. Dünyada bir çox ölkələr arasında sazişlər vardır, ancaq onların heç birinə nəinki əbədi, heç 25 il davam edəcək statusu vermək mümkün deyildir. Məsələn RF-nın Tacikistanla müqaviləsi var, ancaq taciklərin gözü həmişə Əfqanıstan və İrandadır. Onlar ilk fürsətdə bu müqavilədən çıxacalar. RF-nın Ermənistanla geniş müqaviləsi var, ancaq ermənilər bu müqavilə daxilində Rusiyanın qulu olmaq istəmirlər. Türkiyə və Azərbaycanla əlaqələri sivil vəziyyətə salan kimi Rusiya boyunduruğundan azad olmağa çalışacaqlar. Türkiyə və Azərbaycan arasında müqaviləni xalqlar arasında müqavilə adlandırmaq olar. 50-100 il keçsə də, bu ölkələrin liderlərinin kim olmasından asılı olmayaraq, bu müqaviləni pozmaq mümkün olmayacaq, çünki müqavilənin arxasında Türk və Azərbaycan xalqları dayanıb.

Bu müqavilə Azərbaycanın müstəqilliyinə böyük arxa oldu. Artıq Azərbaycan aqressiv qonşularından qorxmaya bilər. Bu müqavilə əsasında Azərbaycanda müştərək yuxarı çinli (polkovnik və general ) hərbiçilər hazırlayan Akademiya açmaq olar. Akademiyada HATO elmi nəzəriyyəsindən dərs deyən professorları dəvət etmək olar. Bir sözlə ildə çox yüksək səviyyəli 10 general və 100 polkonik yetişdirmək olar.

Azərbaycanda Türkiyədə hərbi sursatlar istehsal edən zavodların filiallarını açmaq olar. Lazım olan artilleriya qurğuları, raketlər, bu yaxınlarda istehsaldan çıxacaq tank, dron istehsalı qismən Azərbaycanda istehsal olsa, çox yaxşı olar. Hərbi sahədən başlayan inteqrasiya bütün sahələrə keçməlidir. Bu gün Türkiyə adam başına məhsul istehsalı və adam başına düşən orta maaşa görə RF-dan yuxarı səviyyədədir. Azərbaycanda bu göstəricilər Türkiyədən 2-3 dəfə aşağıdadır. Avropa ölkələri ilə müqayisədə Türkiyə ən azı 2,5, Azərbaycan isə 4 dəfə aşağıdadır. Biz Ermənistanla özümüzü müqayisə etməməliyik. Biz Avropa səviyyəsinə qalxmağı qarşımıza məqsəd qoymalıyıq.

Bu yol ilk növbədə ölkədə korrupsiya və rüşvətin ləğv edilməsindən keçir. Korrupsioner və rüşvətxorların bəzilərinin həbs edilməsi bu problemin kökünü kəsməyəcək. Problemin kökünü kəsmək üçün çinovliklərin bütün iş adamlarının, istər kiçik, istər orta, istərsə də böyük bizneslərinə müdaxilə etməsinə imkan verməmək lazımdır. Dövlətin maliyyələşdirəcəyi istənilən proyektlər ancaq tender yolu ilə icraçılara verilməlidir.

Azərbaycanın parlaq gələcəyini yaratmaq üçün hakimiyyət əsas mühüm işləri görüb. Torpaqları işğaldan azad edib, Türkiyə Cümhuriyyəti ilə çox mühüm sənəd imzalayıb. Türkiyə Cümhuriyyəti ilə ən aqressiv ölkələr belə hesablaşmağa məcburdur. Rusiya Federasiyasının qoşunları istər Ermənistanda, istərsə Suriyada Türkiyənin ovcunun içindədir. Azərbaycanı Rusiya ilə sərhədinin 95 faizi Kiçik Qafqaz dağ silsiləsi ilə bağlanıb, ancaq kiçik bir hissədə eni 50 km-ə yaxın Dərbənd-Qusar zonasında təhlükə ola bilər. Bu yolu bağlamaq Azərbaycan üçün problem deyil. Xəzər dənizində də Azərbaycanın Rusiya ilə sərhədi demək olar ki, yoxdur. Ancaq Azərbaycanda Türk-Azərbaycan hərbi gəmilər düzəltmək üçün zavod qurulsa, çox yaxşı olar.

Bir sözlə, bu gün Azərbaycan hakimiyyəti ölkəni böyük bir yola çıxartmaq şəraitinə nail olub. Azərbaycan Qərb, ABŞ, Çin, Yaponiya, Pakistan və ərəb ölkələri arasında böyük nüfuza malik ola bilib. Bunlardan istifadə edib ölkəni qətiyyətlə irəli aparmaq lazımdır. Hər iki ölkəyə uğurlar.

Rəsul Quliyev,

tanınmış siyasətçi 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*