“Biz rus əsgərini mümkün qədər Qarabağ və Zəngəzurda saxlamağı bacarmalıyıq”
KONKRET.az xəbər verir ki, bunu media eksperti Nairi Ohikyan özünün Telegram kanalında yazıb.
O bildirib ki, insanların dünya və regionun reallıqları haqqında nə bilməsindən asılı olmayaraq, Ermənistanda siyasi baxışlar son dərəcə ifratdır.
“Əksər insanlar üçün emosiyalar dövlət və milli maraqlardan, təhlükəsizlikdən asılı olmayaraq vacibdir. Məsələn, ruslar bizim qulağımıza xoş sözlər demirsə, deməli biz onlara nifrət edirik. Yaxud ABŞ rəsmisi bura gəlib timsah göz yaşları tökürsə, biz onu dərhal sevirik və amerikapərəst oluruq.
Əslində Ermənistan indi parçalanıb və rusiyapərəst, amerikapərəst, türkpərəst və ya başqa cür olmaq cinayətdir. İndi dünyanın hansı istiqamətdə getdiyini anlamaq bizim üçün son dərəcə vacibdir.
Bəziləri məni rusiyapərəstlikdə ittiham edəndə düşünmürlər ki, əgər biz kor-koranə Qərbə güvənsək, Rusiya imperiyasına rəsmən arxa çevirsək, bu kiçik ölkənin başına nə gələcək. Ukrayna nümunəsi yəqin ki, bizim üçün kifayət deyil.
Biz Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlamaq və bu ölkənin hakimiyyət orqanları ilə daim danışmaq, tez-tez tənqid etmək, narazı olduğumuzu göstərmək, tələb etmək, amma düşmən olmamaq lazımdır. İndi biz özümüzə gələnə, milli güc əldə edənə, milli strategiya formalaşdırana qədər rus əsgərlərini Qarabağ və Zəngəzurda mümkün qədər uzun müddət saxlamağı bacarmalıyıq”, – deyə Oxikyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
