Suriya və Rusiya ərəb respublikasının ərazisində yerləşən Rusiya hərbi bazalarının gələcək taleyi ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
KONKRET.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
“İllərlə sürən danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının gələcək taleyi nəhayət müəyyənləşdi – tərəflər müvafiq memorandum imzaladılar”, – rəsmi açıqlamada deyilir.
Suriya tərəfi bu sənədin “Rusiya ilə Suriya arasındakı münasibətlərdə yeni bir səhifə açacağına” ümid etdiyini bildirib.
Suriya XİN-in dəqiqləşdirdiyinə görə, Rusiya bazaları birgə təlim mərkəzlərinə çevriləcək.
“Rusiyanın hərbi bazaları hər iki tərəfin maraqlarına xidmət edəcək hərbi qulluqçuların birgə hazırlıq mərkəzlərinə çevriləcək”, – deyə nazirliyin bəyanatında vurğulanır.
Bununla yanaşı, Suriya tərəfi bildirir ki, Xmeymim aerodromu da daxil olmaqla bütün mülki obyektlər tədricən respublikanın mülki administrasiyasının nəzarətinə keçməlidir.
Nazirlikdən əlavə edilib ki, memoranduma əsasən, bütün bu dəyişikliklər və yenidənqurma prosesi üç aydan çox çəkməməlidir.
