“Bizim üçün nə qədər ağrılı olsa da, 44 günlük müharibə zamanı Hadrutda ahıl ermənini vəhşicəsinə qətlə yetirməkdə ittiham edilən, dövlətlərarası axtarışda olan və Rusiyada həbs edilən azərbaycanlı məşqçi Kamil Zeynallı Ermənistana təhvil verilməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni hüquqşünas Raffi Aslanyan özünün “Facebook” səhifəsində yazıb:

“Əsaslandırma çox sadədir. Nikol Paşinyan çoxdandır ki, Ermənistan adından Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və o, hələ də Qarabağ ermənilərini Ermənistan vətəndaşı hesab etmir. Belə olan təqdirdə Ermənistan vətəndaşı olmayan şəxs niyə ölkəyə təhvil verilsin ki?! Azərbaycanlının Ermənistana verilməsi, üstəlik, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” qanuna zidd olardı.
Minsk Konvensiyasının, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının və digər beynəlxalq sənədlərin tələblərinə də bu, uyğun gəlmir. Ümid etmək qalır ki, Rusiya cinayət işinin başlanmasını tələb edəcək və Kamil Zeynallının cinayət məsuliyyəti məsələsini öz qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edəcək”.
Natiq Səlim,
KONKRET.az
