Reuters agentliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası Qazaxıstan neftinin nəqlini dayandırmaq qərarına gəlib. Cari ilin 1 may tarixindən etibarən “Drujba” boru kəməri vasitəsilə neftin ötürülməsi tamamilə dayandırılacaq. Qazaxıstan tərəfi “Transneft” şirkətindən rəsmi bildiriş alsa da, qərarın hansı səbəbdən verildiyi və dayandırılma müddəti hələlik açıqlanmır.
KONKRET.az xəbər verir ki, 2022-ci ildə Qazaxıstan “Drujba” kəməri vasitəsilə Almaniyaya 2,146 milyon ton neft ixrac edib və bu həcm “Şvedt” neft emalı zavodu tərəfindən satın alınıb. 2025-ci ildə isə Astana əvvəllər Rusiya nefti ilə təmin olunan Macarıstana test rejimində tədarüklərlə bağlı razılıq əldə etmişdi. Ötən ilin ikinci yarısında ilk 85 min tonluq partiya Xorvatiya marşrutu ilə göndərilib.
Cari ilin birinci rübündə Almaniyaya ixrac həcmi iki dəfə artaraq 730 min tona çatıb. Plana əsasən, 2026-cı ilə qədər bu göstəricinin 2,5 milyon tona çatdırılması hədəflənirdi. Rusiyanın son qərarının bu ixracat zəncirinə necə təsir edəcəyi isə beynəlxalq enerji bazarında ciddi suallar doğurub.
Natiq Səlim,
KONKRET.az
