Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Admiral Qriqoroviç” freqatı La-Manş boğazında Böyük Britaniya bayrağı altında üzən yaxtanın yaxınlığında xəbərdarlıq atəşi açıb.
KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, sahil mühafizəsi Britaniya bayrağı altında üzən mülki gəmidən Rusiya freqatı “Admiral Qriqoroviç”in yaxınlığında baş verən insidentlə bağlı məlumat alıb. Britaniya tərəfi bildirib ki, hər iki gəmi La-Manş boğazında bir-birinə çox yaxın məsafədən keçdikdən sonra freqat xəbərdarlıq atəşi açıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi BBC-yə açıqlamasında qeyd edib ki, qurum La-Manş boğazında xəbərdarlıq atəşi açılması ilə bağlı məlumatları araşdırır. Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yaxta da zərər görməyib.
Xatırladaq ki, iyunun 14-də Böyük Britaniya Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Smyrtos” tankerini La-Manş boğazından keçməyə cəhd edərkən saxlayıb. Əməliyyatda Böyük Britaniyanın Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin əməkdaşları iştirak ediblər.
