Qərbin Ermənistanı dəstəkləməsi düşmən ölkənin öz siyasi kursunu dəyişməsinə səbəb olur. Ermənistanı silahlandıran qüvvələr onları revanşa hazırlamaqla bir növ regionda hərbi balansı pozmağa çalışırlar. Elə bir təəssürat yaranır ki, sanki Qərb Cənubi Qafqazda münaqişənin sona çatmasında maraqlı deyil və onlar yeni müharibə ocağı hazırlamağa çalışırlar. Bunu ABŞ-nin və Fransanın koordinasiyalı şəkildə Ermənistanı dəstəkləməsi, Azərbaycan əleyhinə böhtan kampaniyasının davam etməsi də bir daha sübut edir. Bununla bağlı siyasi ekspertlər də müxtəlif fikirlər səsləndirirlər. Xarici müşahidəçilərin də məsələyə fərqli yanaşmaları var.
KONKRET.az xəbər verir ki, qırğızıstanlı politoloq və regional təhlükəsizlik üzrə ekspert Mars Sariyev bildirib ki, o, Avropanın ikili standartlarını başa düşür və bu, qədim tarixi dövrlərdən bəri davam edir.
“Biz Ermənistanın necə formalaşdığını başa düşürük. Məlum olduğu kimi, əvvəllər bu ərazidə İrəvan xanlığı mövcud olub və Rusiya İranla müharibə apararkən Vatikanın layihəsi ilə Cənubi Qafqazda erməni qurumu yaradılıb. Ermənilər tarixən Türkiyədə, Suriyada, Naxçıvan ərazisində Vatikan işə qarışana qədər kifayət qədər dinc yaşayıblar. Onlara erməni dövləti yaratmaq lazım idi. Bu da Rusiyanın maraqlarına uyğun gəlirdi. Ermənistan türklərin əhatəsində olan Avropa dövlətlərinin forpostuna çevrildi. Üstəlik, Osmanlı imperiyası dağılma vəziyyətində idi. Ermənistan belə bir şəraitdə formalaşıb. Bu, regionun formalaşmasına belə konstruktiv, layihə əsaslı yanaşmadır. İndi isə Rusiya bu vəziyyətdən razı deyil, çünki Ermənistan onun forpostu olmaqdan çıxır. Moskva indi daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaqda, Fars körfəzinə çıxışı olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır. Ona görə də Ermənistan – Azərbaycan münaqişəsinin son tənzimlənməsi zamanı Rusiya passiv mövqe nümayiş etdirdi. Bundan başqa, Moskva başa düşürdü ki, Mərkəzi Asiyanın türk dövlətləri Azərbaycana simpatiya bəsləyir və hətta KTMT çərçivəsində Ermənistanı dəstəkləməyəcək”.
Ekspert onu da əlavə edib ki, indi Qırmızı dəniz və Bab-əl-Məndeb boğazı bağlandığından Rusiya Şimal-Cənub marşrutunu daha perspektivli hesab edir: “Ona görə də Qərb, bəzi Avropa ölkələri, xüsusilə ABŞ və Fransa Rusiyanın bu dəhlizdən keçməsində maraqlı deyil. Və onlar daimi böhranın tərəfdarıdır. Ermənistana Azərbaycanla mübarizə aparmağa kömək edirlər. Beləliklə, onlar həm Rusiyanın, həm də Mərkəzi Asiya ölkələrinin Türkiyə üzərindən Avropaya çıxışını təmin edəcək Zəngəzur dəhlizini tikmək istəyən Azərbaycanın qarşısını kəsirlər. Beləliklə, erməni xalqı əsrlər boyu qonşu xalqlarla sülh şəraitində yaşasa da, onlarla birgə ticarətlə məşğul olub çiçəklənsə də, Qərb dövlətləri böhranı süni şəkildə saxlayır. İndi də oxşar bir şey ola bilər, lakin bəzi Avropa dövlətləri və ABŞ bunda maraqlı deyil. Çünki böhran Rusiyanın cənub sərhədləri yaxınlığında qeyri-sabitlik zonası yaradır, həmçinin, Çinin yeni yaranmaqda olan “Bir kəmər, bir yol” nəqliyyat layihəsini kəsir. Yəni Cənubi Qafqaz Rusiya Federasiyası və Çinin qarşısını almaqda Qərb üçün alver obyektinə çevrilir. Bu kontekstdə erməni millətçiliyi dəstəklənir və “Dənizdən-dənizə böyük Ermənistan” ideyaları şişirdilir. Bütün bunlar da Cənubi Qafqazda sabitliyin pozulmasına hesablanıb. Əslində isə bu, əhalisi get-gedə azalan Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Təbii ki, Fransa və ABŞ-nin həyatına inteqrasiya olunmuş diasporlar bu ölkələrin xüsusi xidmət orqanlarının nəzarəti altındadır və müvafiq olaraq erməni xalqının mənafeyinə, onların öz xalqları ilə harmonik yaşamalarına qarşı oynayırlar. Belə bir şəraitdə Paşinyan Ermənistanı regiona inteqrasiya etməyə çalışır, lakin kənar oyunçular buna mane olur. Onlar Yaxın Şərqdə “Böyük Kürdüstan” kartından istifadə etməyə çalışırlar. Ona görə də düşünürəm ki, Azərbaycan ayıq-sayıq olmalı və regionda sabitliyi pozmaq cəhdlərinə qarşı əks-tədbirlər görməlidir”.
İsveçli politoloq Qreq Simons da məsələyə münasibət bildirib: “Birincisi, Aİ ölkələri ABŞ-nin vassallarıdır və öz maraqları, təhlükəsizlikləri bahasına olsa belə, onları Vaşinqtona itaət etməyə məcbur edən daxili köləlik zehniyyətinə malikdirlər. Hazırda Vaşinqton regionda “parçala və hökm et” siyasəti yürüdür. Bunu onlar Ermənistan vasitəsilə həyata keçirir. Məqsəd ABŞ-dən asılılıq yaratmaq, İran və Rusiya kimi dövlətləri məhv etmək, Azərbaycan və Türkiyə kimi regional oyunçuların subyekt kimi yox, obyekt kimi təqdim olunmasını təmin etməkdir. Bu, dövlətlərə daha çox manipulyasiya etməyə imkan verir, onları öz maraq və məqsədlərindən yayındırır”.
Vəli Həsənov,
KONKRET.az
