Rusiya şirkətləri təxribat təhlükəsi səbəbindən ukraynalı İT mütəxəssislərini işdən çıxarmağa başlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya şirkətləri Ukrayna əsilli İT mütəxəssislərini işdən çıxarmağa yaxud daha aşağı vəzifələrə keçirməyə başlayıblar.
Ekspert İvan Beqtin hesab edir ki, belə tələblər şirkətlərin işlədiyi dövlət müştərilərindən gəlir. Digər mənbənin məlumatına görə, ukraynalı İT mütəxəssisləri təxribat qorxusu səbəbindən kütləvi şəkildə işdən çıxarılır.
Xüsusilə biznes üçün kritik məlumatlara və infrastruktur seqmentlərinə çıxışı olan işçilərə diqqət yetirilir.
Beqtin əlavə edib ki, Rusiyada ukraynalı İT mütəxəssisləri o qədər də çox deyil. Ümumilikdə, Rusiyada İT və telekommunikasiya sahəsində dərc olunan vakansiyaların sayı azalıb. Bu sahələr üzrə təkliflər 56 faiz aşağı düşüb. Eyni zamanda, hər üçüncü İT mütəxəssisi Rusiyanı tərk etmək istəyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
