Krasnodar diyarında yerləşən Anapada yerli fəallar hakimiyyət və hüquq-mühafizə orqanlarını Rusiyada yaşayan erməni müğənni Filip Kirkorovun şəhərdə konsert keçirməsinə icazə verməməyə çağırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Kuban News” saytı yayıb.
Tələb kazaklar, milli mədəniyyətlərin nümayəndələri, eləcə də Anapanın ictimai xadimləri tərəfindən irəli sürülüb.
“Kirkorov kimi “mədəniyyət xadimləri” tərəfindən təbliğ edilən Rusiya xalqlarının mədəniyyəti və adət-ənənələri üçün artan bütün təhdidləri qəbul edərək, yekdilliklə bildiririk ki, dindarların hisslərinin təhqir edilməsinə son qoyulsun, narkomaniya təbliğ edilməsin və Rusiya xalqlarının mədəni unikallığı, vətənpərvərlik və ənənəvi dəyərləri tapdalanmasın”, – deyə şəhər sakinlərinin müraciətində qeyd edilib.
Xatırladaq ki, 30 aprel 1967-ci ildə Bolqarıstanın Varna şəhərində dünyaya gələn Rusiya, Ukrayna və Moldovanın xalq artisti Filip Kirkorovun Anapa şəhərində konsertləri iyulun 25-də və avqustun 10-da keçiriləcək.
Yeri gəlmişkən, son illər Bakıda da konsertlər verən Rusiya estradasının “kralı” sayılan Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov (əslində Kirkoryan) Azərbaycana qarşı məkrli və xain savaş aparan Qarabağdakı işğalçı erməni ordusu üçün 2020-ci ilin oktyabrında 2 milyon 600 min rubl (33 min dollar) toplayıb və Ermənistana göndərib.
Roman Göytürk,
KONKRET.az
