1990-ci illərin əvvəllərində Rusiyada sifarişli qətllər silsilə xarakter daşıyırdı. İş adamları, biznesmenlər, sənət adamları və jurnalistlərə hücumların əksəriyyətinin üstü hələ də açılmayıb. Rusiyanın məşhur jurnalistlərindən biri Vladislav Listyev də öz evinin qarşısında qətlə yetiriləndə qatilin tezliklə həbs olunacağı güman edilirdi. Amma ORT telekanalının ilk baş direktoru, “Vzqlyad”, “Möcüzələr tarlası”, “Mövzu” və “Pik saat” televiziya proqramlarının müəllifi və ilk aparıcısının qətlinin üstü hələ də açılmayıb.
69 yaşlı rusiyalı müğənni Yuri Loza teleaparıcı Vladislav Listyevlə dostluğundan danışıb: “Biz bir-birimizi yaxşı tanıyırdıq. Üstəlik, bir dəfə o, məni kruizə dəvət etdi. Amma mən qapalı məkanları sevmədiyimdən səfər baş tutmadı”.
Lozanın dostunun öldürülməsinin səbəbləri ilə bağlı versiyası da maraqlıdır: “Listyev o illərdə mövcud olan televiziya sisteminin dəyişdirilməsini təklif edirdi. O vaxtlar reklamdan gələn pulların miqdarını təsəvvür belə edə bilməzsiniz. Listyev bu puldan proqramların keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə etməyi təklif edirdi. Ona öz işiylə məşğul olmaq tövsiyə olundu. O isə israrla dediyindən dönmürdü. Bu inadına görə də dostumu uzaqlaşdırdılar”.
Listyevin qətlinin indiyə kimi bağlı qalmasına toxunan Loza bildirib ki, bu cinayətin üstü heç vaxt açılmayacaq: “Məsələ burasındadır ki, Listyev həmin sistemlə mübarizə aparırdı. O, sistemin razılaşmadığı məsələ təklif edirdi. Sistem isə ona dərhal cavab verdi. Ona görə də mən bu cür cinayətlərin açılmasına inanmıram”.
Vəli Həsənov,
KONKRET.az
