“Nəzərdə tutulan şərtlər yerinə yetirilməsə, Rusiyanın taxıl müqaviləsində iştirakı dayandırıla bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Vladimir Putin Rusiya mətbuatına müsahibəsində bildirib.
“Biz bu əməliyyatda iştirakımızı dayandıra bilərik. Bizə verilən bütün vədləri yerinə yetirsələr dərhal sövdələşməyə qoşulacağıq”, – deyə Rusiya prezidenti bildirib.
Putin qeyd edib ki, Ukraynadan ixrac olunan taxılın yalnız 3 faizi ən kasıb ölkələrə gedib. Eyni zamanda, Avropa ölkələri özləri də Ukrayna taxılına məhdudiyyətlər qoymağa başlayıblar. O xatırladıb ki, sövdələşmədə Rusiya tərəfinin şərtləri göstərilib, amma heç vaxt yerinə yetirilməyib. Hər şey birtərəfli oyundur. Heç bir bənd yerinə yetirilməyib”, – deyə Putin əlavə edib.
Prezidentin sözlərinə görə, dünyada ərzaqla bağlı vəziyyət Ukraynadakı hərbi əməliyyatlara görə pisləşib:
“Alternativ elektrik enerjisi mənbələri ilə məşğul olduq. Nəticə etibarı ilə ümid etdiyimiz nəticənin əksini əldə etdik. Qərb ölkələri koronavirus pandemiyası zamanı dünyada vəziyyəti gərginləşdirib, sonra sanksiyalar tətbiq etməklə hər şeyi Rusiyanın üzərinə atıb”, – deyə Putin qeyd edib.
Qeyd edək ki, taxıl müqaviləsinin müddəti iyulun 17-də başa çatır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Vladimir Putinlə görüşdə onun uzadılmasını müzakirə edəcəyini bildirib.
