Rusiyanın Ukraynaya müharibəni dayandırmaq üçün irəli sürdüyü tələbləri açıqlanıb. Belə ki, Rusiya tələb edir ki, Ukrayna NATO-ya üzvlükdən imtina etməli və neytral statusu olmalıdır. Həmçinin, rus dili Ukraynada ikinci dövlət dili olmalı, onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir. Bununla yanaşı Krım Rusiyanın ərazisi kimi tanınmalıdır. Ukrayna isə qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərini tanımalıdır. Həmçinin, “Denasifikasiya”, ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunlar ləğv olunmalı, “Ukraynanın demilitarizasiya” edilməlidir. Ukrayna istənilən halda, istənilən növ silahların gətirilməsindən (hücum silahlarından) tamamilə imtina etməlidir.
İşğalçı Rusiya Ukraynaya qarşı belə qəbulolunmaz və alçaldıcı tələbələr irəli sürməklə nə demək istəyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Araz Aslanlı bildirib ki, bu tələblər beynəlxalq hüquqa ziddir:
“Bir dövlətin digərinə qarşı belə uyğun olmayan şərtlər irəli sürməsi qəbulolunan deyil. Çünki Rusiyanın Ukraynaya təklif etdiyi şərtlər beynəlxalq hüquqa ziddir. Başqa bir dövlətə qarşı ərazi iddiası varsa, həmin iddiadan vaz keçməklə bağlı şərt irəli sürülə bilər. Məsələn, vaxtilə Azərbaycandan tələb edilirdi ki, Ermənistanla normal münasibətlər bərpa edilsin. Lakin Azərbaycan açıq şəkildə bildirdi ki, Ermənistan onun torpaqlarını işğal edib. Ermənistan öz gerbində simvol kimi Ağrı dağını seçib. Türkiyə isə bildirir ki, bizə qarşı ərazi iddialarından imtina etməlisən ki, münasibətlərimiz normallaşsın. Türkiyə və Azərbaycanın bu tələbələri beynəlxalq hüquqa uyğun idi. Lakin Rusiya Ukraynadan hansısa qondarma qurumu tanımasını tələb edir. Bu beynəlxalq hüquqa birbaşa ziddir”.

Politoloq bildirib ki, Rusiyanın məqsədi müharibəni davam etdirməkdir:
“Rusiya Ukraynanın NATO-ya üzvlüyünü milli təhlükəsizliyə risk kimi qiymətləndirir. Bu, dünya təcrübəsində dəfələrlə olub. Dövlətlər özünə risk hesab etdiyi hərbi ittifaqın sərhədinə yaxınlaşmasını riskli hesab edib. Bunu Kuba böhranı zamanı ABŞ da edib. Həmin məsələ mübahisələndirilə bilər. Lakin digər şərtlər heç cür qəbul edilən deyil. Suveren dövlətin ərazisini işğal edərək orada qondarma qurum yaratmaq və o qurumun müstəqilliyini tanımağı tələb etmək beynəlxalq hüquqa uyğun deyil. Rusiyanın Ukrayna ərazisini işğal etməsi məsələsində yanaşma tərzi beynəlxalq hüququn təməl prinsipləri əsas götürülməlidir. Dövlətlərin bir sıra iddiaları ola bilər. Lakin münqaişələrə dövlətlərin prizmasından yanaşsaq, düzgün olmaz. Davranışları beynəlxalq hüququn prinsiplərinə uyğun dəyərələndirmək lazımdır. Tərəflərdən biri hüquqa zidd şərtlər irəli sürürsə, onun məqsədi həmin vəziyyətin davam etməsidir. Onun gücü çatır və istədiyi situasiyanı təmin edir. Qarşı tərəf də vaxtı gələndə, buna kifayət qədər gücü olanda beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq problemi həll edir. Necə ki Azərbaycan Qarabağda bunu etdi. İndi Rusiyanın irəli sürdüyü şərtlər o deməkdir ki, Rusiya Ukraynaya qarşı işğalçılıq siyasətini davam etdirmək istəyir. Belə şərtlər irəli sürməkdə Rusiyanın məqsədi müharibəni davam etdirməkdir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
