Paşinyan haqda elə sözlər dedi ki.. – “Bıçaq sümüyə dirənə qədər…”backend

Paşinyan haqda elə sözlər dedi ki... - "Bıçaq sümüyə dirənə qədər..."

Ermənilərdə belə bir ifadə var: “İnsanlar bıçaq sümüyə dirənənə qədər dözür”

KONKRET.az xəbər verir ki, bu sözlərlə başlayan fikirləri Armen Abovyan bildirib. O daha sonra deyib: Ermənistanda yaranmış vəziyyət bu ifadəyə tam uyğundur. Onun iddiasına görə, “neoosmanlı paşizminin məxməri bıçağı” artıq uzun müddətdir ki, erməni xalqını və dövlətçiliyini məhv edir. İnsanlar həbs olunur, son ümidləri əllərindən alınır, cəmiyyətə özünə qarşı nifrət aşılanır, ermənilərin öz milli kimliklərini yaşamasına mane olunur. Müəllif iddia edir ki, erməni olmaq sanki marka kolleksiyası toplamaq kimi adi bir hobbiyə çevrilmək istənilir.

Müəllif yazır ki, insanların şüuru, tarixi yaddaşı və qürur hissi məhv edilir. Düşmən dost, dost isə düşmən kimi təqdim olunur.

Ən əsası isə insanlarda özlərinə olan inam məhv edilir.

Müəllifin sözlərinə görə, yeni həyatın “tox və həyasız sahibləri” hər yerdə xalqı sevdiklərini bəyan etsələr də, eyni zamanda xalqı vergilər, müxtəlif ödənişlər, məhdudiyyətlər və sərt təzyiqlərlə əzir.

Bu təzyiqlər, müəllifə görə, həqiqətə qarşı yönəlib.

O iddia edir ki, həqiqəti söyləyən şəxs dərhal dövlət düşməni elan edilir, barəsində cinayət işi açılır və həbs olunur.

Sosial şəbəkələrdə “yanlış” hesab edilən bir şəxsin paylaşımını bəyənmək belə işdən çıxarılmağa səbəb ola bilər.

Xəyanəti xəyanət, müharibəni müharibə, düşməni düşmən adlandıran insan isə dərhal “talançı”, “korrupsioner”, “rüşvətxor” və ya başqa damğalarla ittiham olunur.

Müəllif yazır ki, bu “kəsmə prosesi” davam edir.

Onun fikrincə, insanların şüurunun, şərəf və ləyaqətinin parçalanmasını ağrısız göstərmək üçün onlara daim informasiya “anesteziyası” vurulur. Bunu müxtəlif təbliğatçılar, ictimai təşkilatlar, qəribə davranışlı şəxslər və hakimiyyət nümayəndələri həyata keçirirlər.

Müəllif iddia edir ki, erməni dövlətçiliyinin və milli kimliyinin məhv edilməsinə xidmət edən bu informasiya kampaniyası sutkada 24 saat fasiləsiz davam edir. Hakimiyyəti tənqid edən hər kəsin adı, onun sözlərinə görə, pullu təbliğatçılar və ideoloji tərəfdarlar tərəfindən uzun müddət qaralanır.

Bu “anesteziyanın” digər tərəfi isə, müəllifin fikrincə, faktların Corc Oruell üslubunda tam əksinə təqdim edilməsidir. O iddia edir ki, ölkənin ixrac potensialı məhv edilir, lakin eyni zamanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi barədə təbliğat aparılır, narazılıq edən insanlar isə həbs, vergi cərimələri və repressiyalarla hədələnirlər.

Müəllif hesab edir ki, hazırkı vəziyyətdə vətənə xəyanəti haqq qazandıranlar, əslində buna etiraz edənləri “xəyanətkar” adlandırırlar. Onun sözlərinə görə, Türkiyəyə yaxınlaşmanı dəstəkləyənlər, buna qarşı çıxanları “türk” olmaqda ittiham edirlər.

Sonda müəllif yazır ki, cəmiyyət elə bir vəziyyətə çatıb ki, yalan, qorxu və ikiüzlülük adi hala çevrilib, şərəf və ləyaqət isə demək olar ki, cinayət sayılır.

Lakin o əlavə edir ki, erməni xalqına vurulan zərbələr dərinləşdikcə, bu “anesteziyanın” təsiri də zəifləyir.

İnsanlar artıq hər şeyi hiss edirlər. Və müəllifin fikrincə, “məxməri bıçaq” artıq erməni xalqının “sümüyünə” çox yaxınlaşıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*