Dış Oğuzun İç Oğuza asi olub, Tural Sadıqlının “öldüyü” boy
Bu xəbəri sizə vermək məcburiyyətindəyəm: Tural Sadıqlı “öldü”.
Məzar daşı da hazırdır:
Tural Sadıqlı
Doğuldu: 1984-cü il, Ağdam.
Öldü: 2026-cı il, Berlin.
Əldə etdiyim məlumata görə, Tural Sadıqlı bir neçə gün əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevlə dialoq zamanı aldığı ağır dərəcəli vicdan xəsarətlərindən “ölüb”.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, uzun illər milli qürur, vətən-millət sevgisi çatışmazlığından əziyyət çəkən Tural Sadıqlı Hikmət Hacıyevin dediyi sözlərdən sonra özündə vicdan çatışmazlığının da olduğunu öyrənəndə halı pisləşib. O, ötən gün yerləşdirildiyi xəstəxanada söyüş müxalifətinin ilkin müdaxilələrinə baxmayaraq həyatını itirib.
Belə olacağını bilirdim.
Turalın “Fəryad” filmindəki Xorensayaq başını separatçıların “qapısına” vurub “Qarabağ, dərdim mənim” deməsindən bəlli idi mahiyyəti…
Tural Sadıqlının canlı yayımlarda, debatlarda ermənilərin maraqlarına xidmət edən, Azərbaycanı təcavüzkar göstərən çıxışlarına şəxsən baxmışam.
Ermənistanda nəzəri olaraq qadağan edilmiş “artsax respublikası” ifadəsini necə böyük ehtirasla, sevgi ilə, gözlərindən alov çıxa-çıxa deməsinin özüm şahidi olmuşam.
Bəzi məqamlarda rol oynamaq olmur, içindən gələn kimi davranırsan: Tural Sadıqlı separatçılarla, xalqımıza zülm etmiş hərbi canilərlə, keçmiş qondarma rejimlə bağlı danışanda səmimi idi. “Artsax”, “artsax prezidenti”, “parlamenti” deyəndə elə bil ürəyindən tikan çıxırdı.
Sadıqlının Azərbaycana və onun Prezidentinə qarşı düşmənçiliyinin daha radikal mərhələyə keçməsinin səbəblərindən biri də budur. Çünki Ali Baş Komandan İlham Əliyev Qarabağ münaqişəsini həll etməklə Turalın sevimli “dövlətciyini” də aradan qaldırdı, onun “prezidentlər”inin Bakıya gətirilib, məsuliyyətə cəlb olunmasını təmin etdi.
Tural Sadıqlının erməni radikallarla birgə işlətdiyi bir cümlə də var: Azərbaycan ordusu hücuma keçib.
Təsəvvür edin, erməni lobbisi ölkəmizi beynəlxalq aləmdə ittiham etmək üçün “Azərbaycan ordusu hücuma keçib” deyirdi.
Eyni cümləni həmin gün Tural Sadıqlı da təkrarlayırdı.
Sadə məntiqi olan hər kəs bu faktı göz önündə tutub Sadıqlı haqqında gerçəyə vara bilər.
Sadıqlı Tural dedi ki, həmin videolar montajdır.
İgidlər, sizcə, Tural düzmü söylədi?
Əlbəttə ki, yox!
Şərhlərdə elə onu dəstəkləyən izləyiciləri yazmışdılar ki, ay Tural, yaxşı, ağ eləmə, yalana nə gərək var, canlı yayımda özümüz baxmışıq, separatçıları dəstəkləyən sözlər demisən.
Təsəvvür edin, Hikmət Hacıyevlə cəmi 30-40 saniyəlik söhbət sadəlövh izləyicilərində Tural Sadıqlı ilə bağlı yaranmış bütün mifi dağıtdı.
Allah üzünə baxıb, bu söhbət 30-40 dəqiqəlik debat halında olmayıb.
Tural bir həftədir video çəkir, canlı yayımlara çıxıb, Hikmət Hacıyevlə qısa söhbətdə guya məğlub olmadığını sübut etməyə çalışır. Amma nə fayda, qatar çoxdan gedib.
Mən Tural Sadıqlının keçmiş qondarma rejimlə, separatçılarla bağlı çıxışlarına baxıb bir daha əmin oldum: Bu adam Azərbaycana səmimi qəlbdən nifrət edir!
Onun bu mövzudakı çıxışlarının tərcüməsi belədir: “Mən Azərbaycana, onun xalqına nifrət edirəm”.
Çünki yalnız Azərbaycana nifrət edən biri əli xalqımızın qanına batmış canilərlə bağlı eyni fikirdə, eyni mövqedə ola bilər.
Tural Sadıqlı, Azərbaycana nifrətinə görə sənə təşəkkür edirəm! Çünki istəməzdim ki, belə bir insanla Azərbaycanı sevmək məsələsində eyni mövqedə olum!
