Rusiya dost və qeyri-dost ölkələrin siyahısını hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hələ 5 mart 2022-ci ildə Rusiya Hökuməti Rusiya Federasiyasına, onun hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib.
Siyahıya dünyanın 22 ölkəsi, həmçinin Avropa İttifaqının 27 dövləti daxildir.
Sonradan siyahı mütəmadi olaraq yeni ölkələr və ərazilərlə yenilənib.
Rusiya hökuməti dost ölkələrin xüsusi siyahısını təsdiq etməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya dost olmayan ölkələr siyahısına daxil edilməyən bütün ölkələri dost hesab edir.
2022-ci il aprelin 4-də Rusiyanın baş naziri Mixail Mişustin 52 dost ölkə ilə hava əlaqəsinin açıldığını elan edib. Yəni bu, müəyyən mənada konkret siyahı sayıla bilər.
Əlifba sırası ilə son təqdim olunan ölkələrin siyahısında təbii ki, Rusiya-Ukrayna müharibəsində Kiyevi dəstəkləyən və anti-Rusiya sanksiyalarının həm tərəfdarı, həm də təşəbbüskarı olan dövlətlər qeyri-dost hesab olunur.
Bölgəmizə gəlincə, Azərbaycan, Gürcüstan və Ermənistan Rusiya üçün bitərəf, İran və Türkiyə isə dost ölkələrdir.
Rusiyada ənənəvi olaraq dost ölkə kimi qəbul edilən Ermənistana münasibətdə belə yanaşma o qədər də təəccüblü deyil. Son zamanlar anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılması, KTMT və sülhməramlı missiyası ilə bağlı söz-söhbətlər və s. Ermənistana qarşı Rusiyanın fikirlərini “dost”dan “bitərəf”ə çevirib.
Erməni siyasətçilərin fikrincə, Bakı ilə Moskva arasında son vaxtlar güclənən münasibətlər nəzərə alınsa, Azərbaycanı neytral ölkə hesab etmək bir qədər müəmmalı görünür və dost ölkə siyahısına İrəvanı incitməmək üçün salınıb.
Rusiya ilə “köhnə problemləri” olan Tbilisinin Ukraynadakı müharibə ilə bağlı neytral mövqe tutduğunu və münaqişənin heç bir tərəfini dəstəkləmədiyini dəfələrlə rəsmi şəkildə bəyan etdiyini nəzərə alaraq, Gürcüstanın neytral hesab edilməsini qanunauyğunluq hesab etmək olar. Gürcüstan münaqişədə Ukraynaya hərbi yardım etmir və etməyəcək.
İran və Türkiyəyə gəlincə, Rusiya daha çox bu iki ölkə ilə iqtisadi maraqlarla bağlıdır. Bu günlər onlara daha çox üstünlük verilir.
Xuraman Etibarlı,
KONKRET.az
