backend

Samirə Hüseynova: "Ordumuz qısa müddətdə düşmənin dayaq məntəqələrini raket-artilleriya zərbələri ilə məhv etdi"

“İşğalçı Ermənistan Azərbaycan ərazilərinin işğalda saxlanması prosesini uzatmaq məqsədilə sülh danışıqlarından boyun qaçırmaq yolunu qoşunların təmas xəttində gərginlik yaratmaqda görür. Bu məqsədlə davamlı olaraq, cəbhənin bu və ya digər istiqamətlərində təxribatlar törədir. Təxribatlar nəticəsində azərbaycanlıların yaşayış məntəqələri atəşə tutulur. Bəzi hallarda isə mülki şəxslər arasında itkilər də baş verir. Son vaxtlar bu cür təxribatların sayı və miqyası artmaqdadır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə Hüseynova bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, Tovuz rayonu ərazisinə hücum etməsi də bu prosesin tərkib hissəsidir.

Samirə Hüseynova daha sonra bildirib: “İyulun 12-də Tovuz rayonu istiqamətindən hücuma keçən Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisində olan strateji məntəqələri ələ keçirmək və bununla da adıçəkilən rayon ərazisində üstünlük əldə etmək istəyirdilər. Ermənistan ordusu dövlət sərhədini pozaraq, sürətli əməliyyat həyata keçirmək, strateji yüksəkliklərdəki mövqeləri tutmaq, bununla da iri yaşayış məntəqələrimizə nəzarət etməklə işğal prosesini həmin istiqamətdən davam etdirmək niyyətində idilər. Lakin Ermənistan ordusunun bu hücumunun qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alındı. Bununla yanaşı, Ermənistan ordusunun həmin istiqamətdə dislokasiya olunan tabor və bölüklərin dayaq məntəqələri raket-artilleriya zərbələri ilə məhv edildi. Qısa vaxtda ordumuz döyüş ərazisində üstünlük qazanaraq, Ermənistan ordusunu itkilərə məruz qoydu. Onlarla hərbçisini itirən ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Bu o deməkdir ki, artıq Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindəki dağınıq və qeyri-peşəkar hərbi birləşmə deyil, əksinə müasir döyüş aparmaq imkanlarına malik olan güclü ordudur.

Ordunun yüksək döyüş bacarığı Azərbaycan Prezidenti, Samirə Hüseynova: “Ordumuz qısa müddətdə düşmənin dayaq məntəqələrini raket-artilleriya zərbələri ilə məhv etdi”Prezident İlham Əliyevin ordunun inkişafına verdiyi diqqət sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasında qərar tutub. Bu mərhələyə ordumuz asanlıqla gəlib çatmayıb. Məhz qeyd etdiyim kimi, dövlət başçısı İlham Əliyevin ordunun silah-texnika parkının gücləndirilməsi istiqamətində atdığı addımlar ölkənin müdafiə imkanlarını daha da gücləndirib. Bu gün ordumuz ən müasir hərbi təyinatlı vasitələrlə təchiz olunub. Tovuz istiqamətində gedən döyüşlərdə də Ermənistan ordusunun bölmələrinə bu texnikalardan zərbələr vurulub. Ermənistanın əsas narahatlığı da Azərbaycan Ordusunun günü-gündən güclənməsi ilə əlaqədardır.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı xalqımız da Prezident İlham Əliyevin və ordunun yanında olduğunu açıq şəkildə bəyan etdi. Həmin günlər xalq-ordu-İlham Əliyev birliyinin təcəssümü idi.

Lakin erməni dəyirmanına su tökənlər də tapıldı. Bu adamlara qarşı sərt tədbirlər həyata keçirildi. Bununla bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da xalqa müraciət ünvanladı. Müraciətində Tovuzda döyüşlər gedən günlərdə vətəndaş həmrəyliyinə toxunan Mehriban Əliyeva bəzilərinin təxribat xarakterli fikirlərinə və bunların sosial şəbəkələrdə yayılmasına reaksiya verib. Bu müraciəti vətəndaş həmrəyliyinin daha da güclənməsinə və təxribatçılara qarşı birgə mübarizəyə çağırış kimi də qiymətləndirmək olar. Hesab edirəm ki, dövlətə rəhbərlik edən şəxslərin yanında olmaqla, Azərbaycanın müstəqilliyini qorumaq və düşmənə qarşı mübarizədə ön cəbhədə olmuş olarıq. Çünki bu gün Prezident İlham Əliyevin çağırışlarına dəstək vermək Azərbaycanın müstəqilliyinin güclənməsi deməkdir.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*