Şəhid ailələrinə və müharibə əlillərinə daha 30 mənzil təqdim edildibackend

Şəhid ailələrinə və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.

Nazirlikdən KONKRET.az-a verilən xəbərə görə, Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə yaşayış kompleksində yerləşən tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1100-ə yaxını təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*