“Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarının dəstəklənməsi və 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan etməsi ölkəmizin təşkilat çərçivəsində fəallığının artırılması, regional əməkdaşlığın gücləndirilməsi və siyasi-diplomatik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qərar Azərbaycanın MDB məkanında dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə vermək niyyətini nümayiş etdirir. Eyni zamanda, ölkəmizin təşkilat daxilində siyasi nüfuzunun artmasına və daha fəal rol oynamasına şərait yaradır. Bu, həm də Azərbaycana göstərilən yüksək etimadın ifadəsidir”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
“Azərbaycanın 2027–2028-ci illər üzrə həmsədrlik və sədrlik təşəbbüsləri ölkəmizin regional siyasətində mühüm diplomatik addımdır. Bu, Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakını genişləndirmək, üzv dövlətlərlə qarşılıqlı faydalı münasibətləri gücləndirmək və regional əməkdaşlığın inkişafına töhfə vermək imkanlarını artırır.
2026-cı il oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində gündəmə gələn bu məsələ Azərbaycanın təşkilat daxilində mövqeyinin möhkəmləndirilməsi və xarici siyasət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Həmsədrlik və gələcək sədrliyə hazırlıq ölkəmizin MDB-də etibarlı tərəfdaş və fəal iştirakçı mövqeyini daha da gücləndirir.
Bu proses regional iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsinə də töhfə verə bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu MDB məkanında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır. Ölkəmiz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri vasitəsilə regionlararası yükdaşımaların təşkilində mühüm rol oynayır”.
E. Səftərov vurğulayır ki, 2027–2028-ci illərdə ticarətin genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı, investisiya əməkdaşlığının gücləndirilməsi və iqtisadi dayanıqlılığın artırılması istiqamətində yeni imkanlar yarana bilər.
“Bu təşəbbüslərin reallaşması Azərbaycanın tranzit potensialından daha səmərəli istifadəsinə, ölkəmizə investisiya marağının artmasına və regional ticarət əlaqələrinin möhkəmləndirilməsinə şərait yarada bilər.
Eyni zamanda, həmsədrlik və sədrlik siyasi-diplomatik dialoqun dərinləşdirilməsi üçün əlavə imkanlar açır. Bu format müxtəlif dövlətlərin maraqlarının uzlaşdırılmasına, ortaq məsələlər üzrə məsləhətləşmələrin intensivləşdirilməsinə və ikitərəfli münasibətlərin genişləndirilməsinə xidmət edə bilər.
Siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar, mədəni və ictimai münasibətlərin inkişafı da mühüm əhəmiyyət daşıyır. Turizm, idman, təhsil və elm sahələrində əməkdaşlığın genişlənməsi dövlətlərarası əlaqələrin yalnız siyasi-iqtisadi müstəvidə deyil, bütün istiqamətlər üzrə möhkəmlənməsinə töhfə verər.
Bu cür təşəbbüslər yaranan diplomatik imkanlardan səmərəli istifadə edərək onları konkret nəticələrə çevirmək üçün geniş fürsətlər yaradır”.
Aynurə İsmayıl
KONKRET.az
