Şəhid Səbuhi Əhmədovun qardaşının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən bir otaqlı mənzildən imtina etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb. Bir çoxları nazirliyi bu məsələdə ittiham etsə də, digərləri şahid ailəsi status haqqında qanunu əsas gətirərək dövlət qurumunun haqlı olduğunu vurğulayıb. Əslində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası qanunun 2.1.4-cü maddəsinə əsasən uşaq evlərində böyüyən qardaş və bacılar şəhidin ailə üzvləri sayılsa da, “SOS Uşaq Kəndləri”nin Nizamnaməsinə görə bu qurum valideyn himayəsindən məhrum olan uşaqlar üçün müəssisə statusunda deyil. Şəhid Səbuhi Əhmədov və onun qardaşı da həmin qeyri-dövlət statuslu sığınacaqda böyüdüyündən qanunla onun qardaşı şəhid ailəsi statusunu daşımır. Ona görə də, nazirlik şəhidin qardaşına mənzili şəhid ailəsi olduğu üçün deyil, sığınacaqda böyüdüyü üçün təqdim edib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə xəsarət alan şəxslərə dövlət qayğısının göstərilməsidir: “Müharibədən sonra biz gördük ki, ölkə başçısı İlham Əliyev tərəfindən bununla bağlı bir sıra sərəncamlar imzalandı. O cümlədən 2021-2025-ci illə ərzində şəhid ailələrinin və müharibə əlillərinin fərdi mənzillərlə təmin olunması məsələsi dövlətin qarşısında prioritet məsələ kimi dayanır. Həmçinin ölkəmizin iqtisadi gücü artdıqca onlara verilən müavinətlərin həcmi də yüksəlməkdədir. Müharibə əlillərinin nəqliyyat vasitələri və müasir protezlərlə təmin olunması, onlara reabilitasiya xidmətlərinin göstərilməsi, həssas təbəqədən olan şəhidlərimizin və müharibə əlillərimizin ailələrinə xüsusi diqqətin ayrılması Prezident İlham Əliyev tərəfindən bütün dövlət qurumlarının qarşısında bir nömrəli vəzifə kimi qoyulub. Əlbəttə ki, ötən müddət ərzində dövlət tərəfindən bu həssas təbəqəyə göstərilən qayğını dünya üçün bir nümunə hesab etmək olar”.

Cavid Osmanov əlavə edib ki, “SOS” Uşaq Kəndlərində böyüyən əziz şəhidimiz Səbuhi Əhmədovun qardaşına Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən bir otaqlı mənzilin verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirə olunur: “Nazirliyin açıqlamasından görünür ki, şəhidin qardaşına verilən mənzil şəhid ailəsinin üzvü olduğu üçün deyil, uşaq evində böyüdüyünə və aztəminatlı şəxs olduğuna görə təqdim edilib. Həmin şəxsin mənzili qəbul edib-etməməsi isə onun öz səlahiyyətinə aid bir məsələdir”.
Mövzunu KONKRET.az-a şərh edən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, şəhid ailəsi statusunun verilməsi qanunverciliklə Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Qanunun 1-ci maddəsinin ikinci bəndinə əsasən Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr müəyyən edilir”.

Hüquqşünas əlavə edib ki, sözügedən qanunun 2-ci maddəsində şəhid ailəsi statusunun verilməsi qaydası nəzərdə tutulub: “Qanuna əsasən bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Göründüyü kimi şəhid Səbuhi Əhmədovun qardaşı qanunverciliklə müəyyən olunmuş qaydada şəhid ailəsi statusu almaqla bağlı müraciət edib müvafiq sənədləri təqdim etdiyi təqdirdə o, şəhid ailəsi statusu ala bilər. Odur ki bu statusu əldə etdikdən sonra mənzil almaq üçün müraciət etsə, daha yaxşı olar. Əgər ona şəhid ailəsi statusu verilməkdən imtina edilsə belə, bu qərarı məhkəmə qaydasında mübahisələndirmək mümkündür”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
