Sərdar Cəlaloğlu fakt qarşısında qaldı – DETALLAR BU YAZIDAbackend

Sərdar Cəlaloğlu fakt qarşısında qaldı - DETALLAR BU YAZIDA

Mən Qubadlının Dəmirçilər kəndindənəm.

Qaçaq Nəbinin Aşağı Mollusu da, Həcər xanımın Yuxarı Mollusu da bu gün doğma Qubadlımızın kəndləridir. Nəbi və Həcərin yaşadığı dövrdə isə həmin kəndlər Zəngəzur qəzasının tərkibində idi.

Bizim tərəflərdə Nəbi və Həcərin adı dünən yaranmayıb.

Bu adları biz kitablardan əvvəl böyüklərimizin dilindən eşitmişik. Babalarımızdan, nənələrimizdən, kəndimizin yaşlı insanlarından gələn yaddaş nəsildən-nəslə ötürülüb.

Amma məhz Qubadlıdan olduğum üçün həmin yaddaşı sənədin yerinə qoymaq istəmirəm. Əksinə, doğma torpağımın tarixindən danışdığım üçün həqiqətə daha böyük məsuliyyətlə yanaşmağı özümə borc bilirəm.

Bu gün əldə olan mənbələrin bütöv mənzərəsi isə ən azı bir nəticəni kifayət qədər aydın göstərir:

QAÇAQ NƏBİ SOVET HAKİMİYYƏTİNİN YARATDIĞI SÜNİ QƏHRƏMAN DEYİLDİ.

Nəbi sovet hakimiyyətindən əvvəl də tarixi şəxsiyyət idi.

Onun haqqında xalq yaddaşı vardı. Nəğmələr, rəvayətlər vardı. Sovetdən əvvəl yazıya alınmış materiallar vardı. Sovet sərhədlərindən kənarda onu araşdıran alimlər və mühacir müəlliflər vardı.

Sovet sistemi sonradan həmin obrazı öz ideologiyasına uyğunlaşdıra bilərdi, amma onu keçmişə qayıdıb yarada bilməzdi.

Qara Nəbi məsələsində isə mövcud akademik tədqiqatların mühüm bir xətti onları eyniləşdirməkdən daha çox iki ayrı şəxsin tarixinin sonradan qarışdırılması problemini ortaya çıxarır. Azad Nəbiyevə istinad edən tədqiqatlarda Qara Nəbinin Aşot Qriqoryan kimi təqdim edilməsi, Əhliman Axundov variantında isə onun Qaçaq Nəbinin qarşısında ayrıca şəxs kimi dayanması bu məsələdə xüsusilə diqqətəlayiqdir.

Qaçaq Nəbinin kimliyinə nə bugünkü emosiyalar, nə də yüz ildən sonra söylənmiş sensasion cümlələr hökm verməlidir.

Hökmü tarix versin.
Hökmü sənədlər versin.
Və yüz ildən artıqdır bu adı yaşadan xalq yaddaşı da həmin sənədlərlə birlikdə dinlənilsin.

Cəsarət Bayramov
Qubadlı rayonu, Dəmirçilər kənd sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*