Məlum olduğu kimi, Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.
İlk baxışdan da göründüyü kimi, bu adi mükafat deyil. Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi yalnız onun böyük şəxsiyyətinə verilən layiqli qiymət deyil.
Belə ki, İlham Əliyev siyasi fəaliyyətində türk dünyasında bir lider kimi tanındı. Onun beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuzu getdikcə möhkəmləndi. Xüsusən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atdığı misilsiz addımlar türk birliyinə ayrıca mühüm töhfələr verdi. Bu gün tam əminliklə deyə bilərik ki, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandanın misilsiz xidmətləri var. Məhz bu baxımdan “Türk Dünyasının Ali Ordeni” mühüm əhəmiyyət kəsb edir.
Ali Orden bir daha onu sübut etdi ki, Prezident İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb. Hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev deyirdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” (Bax: https://fulltext.preslib.az/icixislar/7dyOC0hcGW.html).
Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsini, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsini dərindən dərk edən Prezident İlham Əliyevə məhz buna görə türk dünyasının Lideri demək olar. Çünki bu istiqamətdə böyük siyasətçi mühüm töhfələrini verib.
Hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasında bağlılığı gücləndirir. Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcəkdir. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq.
Eləcə də Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib. Türk dünyası adından verilən həmin ali mükafat məhz bu baxımdan İlham Əliyevə verilən ən böyük qiymət hesab etmək olar. Bəli, türk sünyası Azərbaycanın dövlət başçısına minnətdarlıq hissini bu şəkildə ifadə etdi. Unutmayaq ki, Prezident İlham Əliyevin sayəsində təşkilat inkişaf edib, onun sıraları genişlənib, beynəlxalq aləmdə nüfuzu yüksəlib və əlaqələri artıb. Hələ Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib.
Bu müddətdə isə mühüm fəaliyyət öz işini görüb.
1. Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib.
2. Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib.
3. Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.
Qeyd edək ki, Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Belə ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.
Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə səbəb Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi qələbəsidir. Bu qələbənin əldə ediməsi üçün Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti misilsizdir.
Bir detalı da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev tarix baxımından qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirib. Onun nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Prinsipial, ardıcıl və qətiyyətli siyasətin nəticələri:
1. Məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılıb.
2. Erməni yalanları beynəlxlaq miqyasda ifşa olunub.
3. Dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul ediblər.
4. Ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pisləyiblər və Azərbaycanın haqq işinə dəstək veriblər.
5. Azərbaycanda güclü iqtisadi potensial formalaşdırılıb.
6. Güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradılıb.
7. Sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur edib. Azərbaycan Ordusu tarixi ərazilərilərimizi işğaldan azad edərək Zəfər qazanıb.
8. Erməni diasporu, Ermənistana dəstək verən Qərb dairələri, Ermənistanın ayrı-ayrı tərəfdaşları neytrallaşdırıldı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini təmin etdi.
9. Prezident İlham Əliyev Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü.
Müşviq Tofiqoğlu,
KONKRET.az
