Səttar Möhbalıyev yazıçı, siyasətçi, politoloq oldu, həmkarşünas ola bilmədi ki, bilmədi – REPLİKAbackend

Səttar Möhbalıyev yazıçı, siyasətçi, politoloq oldu, həmkarşünas ola bilmədi ki, bilmədi - REPLİKA

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin neqativ məqamları barədə KİV orqanlarında faktlara əsaslanan yazıları mütəmadi oxuyuruq. İki milyona yaxın üzvü özündə birləşdirən Konfederasiyanın funksiyasına aid olmayan şəkildə fəaliyyət göstərməsi artıq adi vətəndaşların gözündən belə, yayınmır.

KONKRET.az saytına bu mövzuda məzəmmət xarakterli xeyli etiraz məktubları daxil olub. Şikayətlərdə qeyd olunur ki, müxtəlif müəssisə və təşkilatlarda yaradılan həmkarlar ittifaqları heç bir işə yaramayan bir təsisata çevrilib. İşçilərin hüquqlarının qorunması, mədəni istirahətlərinin təşkili ilə məşğul olmağa borclu ittifaqlar daha çox müəssisənin rəhbərinin əmri ilə hərəkət edirlər, halbuki həmkarlar məhz rəhbərliyin işçilərin hüquqları ilə bağlı verdikləri yanlış qərarların tətbiqinə qarşı çıxmalı, üzvlükhaqqı verən həmkarının yanında dayanmalıdır.

Belə neqativ hallara yol verənlərin fəaliyyətini araşdırmaq, vəzifəsindən sui-istifadə edən yerlərdəki həmkarlar ittifaqları sədrlərini dəyişmək, yaxud qanunun imkan verdiyi çərçivədə cəzalandırmaq əvəzinə AHİK rəhbərliyi absurd işlərlə məşğuldur.

Bu iddiamızı təsdiqləyən bir kiçik misal göstərək: AHİK-in sədri, deputat Səttar Möhbalıyev son illər jurnalistlik fəaliyyətinə başlayıb. O, həmkarlarla bağlı mövzudan başqa bütün məsələlərə münasibət bildirir. Füzuli Beynəlxalq Hava Limanının açılışı olur, həmin an Səttar müəllimin açıqlaması yayılır. Açıqlamada siysətçi baxışı ilə hava limanının perspektivindən, politoloq düşüncəsi ilə regionda oynayacağı strateji əhəmiyyətindən, iqtisadçı yanaşması ilə büdcəyə təsirindən geninə-boluna söz açılır, mətnin bir cümləsində belə, həmin qurumda həmkarlar ittifaqının yaradılmasından, limanda işləyəcək işçilərin hüquqlarının hansı formada qorunacağından danışılmır.

Elə gün yoxdur ki, Səttar Möhbalıyev politoloji açıqlaması ilə gündəmə gəlməsin. Doğrudanmı, hörmətli deputatımızın bu səpkili şərhlərinə həşəmətli dövlətimizin ehtiyacı var? Axı Səttar müəllim açıqlamalarında işğaldan azad olunan ərazilərdə yaradılacaq qurumlarda fəaliyyət göstərəcək həmkarlar ittifaqlarının konsepsiyasının hazırlanmasından, onlara göstəriləcək diqqət və qayğıdan danışmalıdır. Çörəkçi niyə dəmirçi işini görsün ki? Yaxud əksinə, dəmirçinin düzəltdiyi dəmir əşyalar daha çox gərəkdir insanlara, nəinki bişirdiyi çörək.

Maraqlısı da odur ki, yükəsk səviyyədə bir cavadeh şəxs belə, AHİK sədrinə düzgün manevr etmədiyini söyləmir. Bəlkə hörmətli Səttar müəllimi gözdən salmaq məqsədi güdürlər. Etiraf edək ki, Səttar Möhbalıyevin konfederasiyada və ona tabe olan bütün ittifaqlarda nüfuzu, hörməti böyükdür. Kim qarantiya verə bilər ki, belə hörmət sahibini dəxli olmayan açıqlamalar yaymağa sövq edənlər onun nüfuzunun aşağı düşməsi məqsədini güdmür?

Konkret, AHİK sədrinin həftədə 9-10 dəfə yayılan açıqlamaları, yazıları, müsahibələri oxucuda ikra hissi yaradır. Bu durumu hiss etmirsə, çox pis, yox, hiss etdiyi halda kimlərinsə ziyanlı sifarişini həyata keçiririsə, Səttar Möhbalıyevin tutduğu xətt uğursuzluğa doğru uzanır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*