Səudiyyə Ərəbistanı Turizm Nazirliyi ölkəyə gələn əcnəbi turistlərin hicab geyinmək məcburiyyətində qalmayacaqlarını açıqlayıb.
KONKRET.AZ xəbər verir ki, mövzu ilə bağlı Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyasının sədri Əhməd Əl-Katib “Bloomberg”ə açıqlama verib.
Sədr açıqlamasında məsələ ilə bağlı qərarların qarşıdakı günlərdə rəsmi olaraq açıqlanacağını bildirib. Daha sonra Əl-Katibdən bir gün səudiyyəli qadınlar üçün də belə bir məhdudiyyətin aradan qaldırılıb qaldırılmayacağı soruşulub. “İndiyə qədər heç vaxt bunu müzakirə etməmişik, çünki məsələ ilə bağlı problem yaşanmayıb. Bu bizim mədəniyyətimizin bir hissəsidir”, – deyə sədr cavab verib.
Qeyd edək ki, Amerika ilə arasında qurduğu isti münasibətlərtdən sonra “mülayim islam”a keçdiyini bildirən Səudiyyə Ərəbistanı bir çox dəyişikliklər üçün dünyanı təəccübləndirən qərarlar verib.
Hazırladı: Firuzə ALİMOVA
