Son zamanlar ölkədəki etirazlar və regiondakı siyasi proseslər fonunda başını itirən və əməlli-başlı çətin vəziyyətlə üz-üzə qalan İran hökuməti mövcud durumdan çıxış yolu axtarır. Xüsusən Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək və Ermənistana dəstək verməklə regiondakı “gücünü” sərgiləməyə çalışan rejim görülən bütün tədbirlərə baxmayaraq ölkədəki etirazları cilovlamaqda acizdir. Başını itirən və nə edəcəyini anlamayan bir rejimdən isə hər an hər şeyi gözləmək mümkündür. İran ordusunun komandanı, general Seyyid Əbdürrəhim Musəvinin Zahedanda hava hücumundan müdafiə briqadasının mövqelərinə baş çəkməsi, ölkənin hava sərhədlərini qoruyan bölmənin əməliyyat imkanlarını qiymətləndirməsi və hava hücumundan müdafiə briqadasının komandirləri ilə görüşməsi rəsmi Tehranın sanki müharibəyə hazırlıq mərhələsində olduğunu düşünməyə vadar edir. Bir çox ekspertlərin ölkədəki daxili etirazları sakitləşdirmək üçün İranın İraq və Səudiyyə Ərəbistanı ilə müharibəyə başlayacağı haqda ehtimallar səsləndirməsi isə deyilənlərin həqiqət olduğuna inamı artırır. Bəs görəsən siyasi şərhçilər İranın müharibəyə başlamaq imkanlarını necə qiymətləndirirlər? Belə bir ehtimal varsa, rəsmi Tehran hansı dövlətlərə qarşı hərbi əməliyyatlara başlaya bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Elman Vəliyev hər hansısa bir dövlətin boş yerə hərbi təlim etməyəcəyini deyib: “Ya ordunun işləmə funksiyasını yoxlamaq, ya da müharibəyə hazırlıq görmək üçün bu addımı atırlar. Hazırda İranın müharibə tərəfi olacağı gündəmdən düşmür. Ölkənin kimlə müharibə edəcəyi isə daha çox suallar doğurur. Hazırda İranın münasibətlərinin uzlaşmadığı dövlətlər sırasında Amerika, İsrail, Azərbaycan və bəzi ərəb dövlətləri yer alır. Amerika tərəfi İranın dalana dirənəcəyini açıq-aşkar bəyan edir. Azərbaycanla müharibə aparmaq isə mənasız olsa da, bu, istisna deyil. Çünki söhbət Naxçıvana iddiası olan bir dövlətdən gedir. İranın Səudiyyə Ərəbistanı ilə müharibə edəcəyi iddiası ortaya atılsa da, bu ərəb dövlətinin Tehranla çox mühüm bir problemi yoxdur. Sadəcə Səudiyyənin ipi Amerikanın əlində olduğu üçün hər ehtimal mümkündür.İndiki şəraitdə İranın kiminlə müharibə edəcəyini dəqiq söyləmək çətin olsa da, bunun İsrailin, yəni sionistlərin əli ilə baş verəcəyinə əminəm. Burada əsas məsələ İranı niyə müharibəyə cəlb etməyə çalışmalarıdır. Amerikanın hətta İraq və İranla bağlı planlarının olduğu da sir deyil. İraqın 3 yerə bölünməsi də bu planın tərkib hissəsidir. İranı sabit saxlamaqda əsas məqsəd isə bölgədə dəngə siyasətinə yaramasına görədir. Yəni lazım olanda rahatca şiə-sünni qarşıdurmasını yarada biləcəkləri üçün bunu edirlər. Bəlkə də həmin vaxt gəlib çatıb”.
Elman Vəliyevin sözlərinə görə, önəmli məqam İranın müharibəyə başlaması yox, bunun Amerikanın hansı marağına xidmət etməsidir: “Müharibə olacaqsa, o zaman petrol bazaları dağıdılacaq. ABŞ-ın istədiyi budurmu? Bəlkə Vaşinqtona petrol qıtlığı yaşatmaq və ya qiymətini artırmaq sərf edir. Hər halda Netanyahunun yenidən seçilməsi ilə bu hadisələrin baş verməsi təsadüf deyil. Odur ki, İranın çox zəifləyəcəyini, dövlət daxilində dövlət qurulması ehtimalının olacağını düşünürəm. Amma molla rejiminin tamamilə aradan qaldırılması sərf etmir. Çünki dini tarazılıq sionizm üçün çox önəmlidir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
