ABŞ-da hüquq-mühafizə orqanları Ağ Evin yaxınlığında keçirilməsi planlaşdırılan UFC turniri zamanı terror aktı hazırlamaqda şübhəli bilinən səkkiz nəfərə qarşı ittiham irəli sürüb.
KONKRET.az xəbər verir ki, istintaqın məlumatına görə, mümkün hədəflər arasında ABŞ Prezidenti Donald Tramp, iş adamı İlon Mask və İsrailin Baş naziri Benyamin Netanyahu da olub.
“The Guardian” nəşrinin yaydığı məlumata görə, təqsirləndirilən şəxslər may ayından etibarən pul toplayıb, odlu silahlar, sursat, zirehli gödəkçələr, partlayıcı maddələr, dronlar, tibbi ləvazimatlar, rabitə vasitələri və digər avadanlıqlar əldə ediblər.
Rəsmi qurumların bildirdiyinə əsasən, qrup üzvləri müxtəlif radikal sui-qəsd nəzəriyyələrinə inanır və planlaşdırdıqları hücumun hökuməti sabitsizləşdirəcəyini düşünürdülər.
İstintaq materiallarında qeyd olunur ki, şübhəlilərdən biri müstəntiqlərə ifadəsində əvvəlcə partlayıcı yüklənmiş dronlardan istifadə etməyi, daha sonra isə hadisə yerindən qaçmağa çalışan insanlara atəş açmağı planlaşdırdıqlarını bildirib.
İş üzrə əsas fiqurlardan biri, Ohayo ştatının Denvill şəhərindən olan 19 yaşlı Taysen Si Proper və daha dörd nəfər iyunun 15-də saxlanılıb. Təxminən bir həftə sonra isə Vaşinqton və Missuri ştatlarında FTB daha iki nəfəri həbs edib.
Səkkizinci təqsirləndirilən şəxs Qərbi Virciniyanın Çepmenvill şəhərindən olan 21 yaşlı Çandler D. Skaqqsdır.
İstintaqın iddiasına görə, o, planlaşdırılan hücum zamanı snayperlərdən biri kimi fəaliyyət göstərməli idi.
Məhkəməyə təqdim olunan ifadələrdə bildirilir ki, Skaqqsın Vaşinqtona Taysen Proper tərəfindən aparılması planlaşdırılıb. Lakin Properin həbsindən sonra o, həm Proper, həm də qrupun digər üzvləri ilə əlaqəsini itirib.
Qeyd edək ki, Ağ Evin ərazisində UFC turniri üçün arena tikintisinə başlanıldığı və tədbirin Donald Trampın ad günü münasibətilə keçirilməsinin planlaşdırıldığı bildirilir.
Bununla belə, bu məlumatların rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyi açıqlanmır.
Müşviq Tofiqoğlu
KONKRET.az
