SON DƏQİQƏ: Arşakyan 15 erməni hərbçinin ölümünün ƏSAS SƏBƏBİNİ AÇIQLADIbackend

SON DƏQİQƏ: Arşakyan 15 erməni hərbçinin ölümünün ƏSAS SƏBƏBİNİ AÇIQLADI

“Normal demokratik ölkələrdə belə faciələr baş verərsə, Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefa verir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Bu gün səhər ölkə dəhşətli xəbərə oyandı. Qeqarkunik vilayətinin Azat kəndində mühəndis-istehkamçılar rotasının kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi diri-diri yandı, bir neçə nəfər isə xəsarət aldı. Bu, Ermənistan Müdafiə Nazirliyinin ehtiyatsızlığı və korrupsiya nəticəsində baş vermiş dəhşətli hadisədir. Bu faciə erməni cəmiyyətində hakimiyyət üçün əlverişsiz olan məsələləri yenidən aktuallaşdırıb. Görəsən müdafiə sistemimiz niyə belə acınacaqlı vəziyyətdədir? Niyə hərbçilərimizin yerləşdiyi kazarmalarda isinmək üçün sobalardan istifadə edirlər!? 21-ci əsrdir, bizim əsgərlər isə otaqları benzinlə qızdırırlar. Hərbi hissələrin bütün kazarmalarını qaz sobası olmasa belə, ən azından odun sobası ilə təchiz etməyə dövlətimizin vəsaiti yoxdurmu? Vəsaitlər var. Məsələn, 2022-ci ildə müdafiə büdcəsinə 360 milyard dram vəsait ayrılıb ki, bunun da müəyyən hissəsi normal təhlükəsiz hərbi hissələrin, kazarmaların, döyüş mövqelərinin, sığınacaqların tikintisinə xərclənməli idi. Bəs bu pul hara getdi? Pulların həm Müdafiə Nazirliyinin rəhbərliyinin, həm də generalların cibinə girdiyi açıq-aşkar görünür. Birbaşa hərbi hissələrə gəlib çatan vəsaitləri – komandirlər, rəislər talayırlar. Buna görə də, hərbi hissələrdəki vəziyyət Seyran Ohanyanın dövründəkindən çox da fərqlənmir. İrimiqyaslı korrupsiya əməllərinin Müdafiə Nazirliyinin ordu korpuslarının və hərbi hissələrin bütün idarələrinə nüfuz etdiyini demək mümkündür”, – erməni analitik vurğulayıb.

“Bu faciənin irimiqyaslı korrupsiya faktları ilə yanaşı başqa bir neçə səbəbləri də var. Bu vəziyyət həm də yanğın təhlükəsizliyinə cavabdeh olan xidmətlərin qeyri-mütəşəkkilliyi, ləngliyi, səliqəsizliyi səbəbindən yaranıb. Məgər onlar kazarmaların necə qızdırıldığını görmürdülər? Təbii ki, görürdülər, amma buna göz yumurdular. Çünki hamı oğurluq edir. Normal demokratik ölkələrdə belə faciələr baş verərsə, Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefa verir. Amma bizdə Müdafiə naziri Suren Papikyan ölənlər, onların yaxınları və ölkə qarşısında heç olmasa günahını yumaq üçün istefa ərizəsi yazmağı ağlına belə gətirməyib. Paşinyan isə hökumətin iclasında bu faciəyə görə naziri və Baş Qərargah rəisini günahlandırmadı. Orduya çiyələk və şkaf almaqdansa, qızdırıcı avadanlıq alsalar, daha yaxşı olardı. Bir anda 15 hərbçinin infrastrukturun olmamsı səbəbindən ölməsi faciədir. İndiki şəraitdə 15 hərbçimizin ölümündə əsl günahkarların cəzalandırılacağına inanmıram. Bu, hazırkı Ermənistanın reallıqlarıdır”, – deyə Tevos Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*