“Azərbaycan heç bir şərt olmadan Qarabağın Azərbaycan ərazisi kimi Ermənistan tərəfindən tanınmasını tələb edəcək. Ya da Azərbaycan Ordusu sakitcə Qarabağa girəcək və Ermənistan ordusu zəifliyinə görə müqavimət göstərməyəcək”. Rusiyalı politoloq Sergey Markovun səsləndirdiyi bu fikirlər həm siyasi elitada, həm də Azərbaycan və Ermənistan cəmiyyətlərində birmənalı qarşılanmayıb. Bir çox ekspertlər rəsmi Bakının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək üçün bu addımı atacağına şübhə ilə yanaşmasalar da, bəziləri Rusiya faktorunu əsas gətirərək bunun mümkünsüzlüyü haqda fikir səsləndirirlər.
Mövzunu KONKRET.az-a şərh edən politoloq İlham İsmayıl bildirib ki, rusiyalı ekspertin səsləndirdiyi fikirlərdə bir həqiqət var. Ancaq bu həqiqətin həyata keçməsi üçün müəyyən zaman tələb olunur: “Ermənistan Markovun qeyd etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanımasa, bu zaman rəsmi Bakı ərazilərimizin müəyyən bir hissəsinə nəzarət edən Rusiya hərbi kontingenti ilə ciddi danışıqlar aparmalı olacaq. Çünki məsələ tam olaraq hərbi müstəviyə keçmədən mütləq danışıqlar getməlidir. Biz sakitcə Xankəndiyə daxil ola bilmərik. Çünki orada həm rus, həm də erməni ordusu ilə qarşılaşacağıq. Qarabağa sakitcə o zaman daxil ola bilərik ki, Rusiya ilə danışıqlar aparılsın. Bu danışıqların necə nəticələnəcəyi isə sual altındadır. Amma hər bir halda istər beynəlxalq hüquq, istərsə də Putinin imzası ilə təsdiqlənən 10 noyabr Bəyanatı bizim tərəfimizdədir”.

İlham İsmayılın sözlərinə görə, Azərbaycan çalışmalıdır ki, Ermənistan ərazi bütövlüyümüzü tanısın və sülh müqaviləsinə imza atsın: “Təəssüf ki, buna mane olan dövlətlərdən birincisi məhz Rusiyadır. Elə Soçi görüşünün məqsədi prosesi bir az da uzatmaq, yaxud danışıqların Rusiyanın moderatorluğu ilə aparılmasını təmin etmək idi. Kreml həmçinin Qarabağın status məsələsini perspektivə saxlamağa çalışır. Bizim Xankəndiyə sakitcə, yoxsa döyüşlə girəcəyimiz bu ilin sonu, yaxud gələn ilin ilik aylarında məlum olacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
